Accessibility links

"İran indiki dini və qapalı rejimlə çox uzağa gedə bilməz" [Audio-Müsahibə]


Ərəstun Oruclu
Ərəstun Oruclu

Amerikanın Səsinə müsahibə verrən siyasi ekspert Ərəstun Oruclu son günlərdə İran şəhərlərində baş qaldıran etirazların səbəbləri və nümayişlərin mümkün nəticələri haqqında danışıb.

"İran indiki dini və qapalı rejimlə çox uzağa gedə bilməz"
please wait

No media source currently available

0:00 0:14:13 0:00

Ərəstun Oruclunun sözlərinə görə, İranda cərəyan edən hadisələrin ilkin səbəbi sosial problemlər olsa da, həqiqi səbəb İran əhalisində siyasi, hüquqi və insan azadlığı baxımından illərlə toplanan qəzəbin təzahürü idi.

Sosial səbəblər qığılcım rolunu oynadı.

“İran dünyada əhalisinin əksəriyyətinin ən gənc olduğu ölkələrdəndir. Burada əhalinin 70 faizə qədərinin ortalama yaşı 35-dən aşağıdır. Buna görə də müasirləşməkdə olan, qloballaşan dünyada həmin gənclər öz gələcəyini mövcud dini idarəetmə sisteminə həvalə etmək istəmir.

Etiraz aksiyalarının İranın son illər ölkədə iqtisadi və sosial çətinlik yaranması bahasına olsa da regionda geosiyasi gücünü artırması prosesinə hansı təsirlərinin olacağına dair sualı cavablandıran siyasi ekspert bildirib ki, nümayişlərin necə sonlanmasından asılı olmayaraq bu günə qədər baş verən hadisələr ölkənin xarici siyasi kursuna əhəmiyyətli zərər vurub.

İranın bir çox böyük şəhərlərində ölkənin zəifləyən iqtisadiyyatına görə qəzəblənən insanlar etiraz nümayişi keçirir.
İranın bir çox böyük şəhərlərində ölkənin zəifləyən iqtisadiyyatına görə qəzəblənən insanlar etiraz nümayişi keçirir.

“Mən bu etirazların məntiqi sonluğa qədər gedib çıxacağına dair optimist deyiləm. Hakimiyyət ifrat zorakılığa getməyəcək, etirazçılar isə öz növbəsində güzəştə getməyə çalışacaq. Buna baxmayaraq sonda rəsmi Tehran məcbur olacaq ki, resursları və vəsaitlərini geosiyasi güc əldə etməyə yox, daha çox daxili rifahı yaxşılaşdırmağa yönəltsin.”

Müsəlman dünyası ya dünyəvilik prosesinə inteqrasiya olmalıdır ya da özünə qapanıb iflasa doğru getməlidir

Nümayişlərin siyasi dəyişikliklə sonlanmasa belə mədəni dəyişikliyə gətirib çıxara bilməsi fikrinə şərh bildirən Ərəstun Oruclunun sözlərinə görə, nə qədər teokratik ölkə olmasından asılı olmayaraq istər İran, istər Səudiyyə Ərəbistanı, istərsə də digər müsəlman ölkələri qloballaşma, müasirləşmə prosesinin qaçılmaz olduğunun fərqinə varacaq.

“Səudiyyə Ərəbistanı nə qədər qapalı ölkə olsa da, burada insanlar daha yaxşı, daha azad yaşamaq üçün can atır və müasir həyat şəraiti qurmaq istəyən insanların sayı da getdikcə artmaqdadır. 1 il əvvəl Ərdoğan Türkiyədə dünyəvilik ideyasının banisi olan Atatürk haqqında təhqiramiz ifadələr işlədirdi. Amma indi Atatürk dəyərlərini müdafiə eləməyə başlayıb. İranda bu dünyəviləşmə tendensiyası 10 il əvvəl, Həsən Ruhani hakimiyyətə gəldikdən sonra artıq başlamışdı. Bu bütün dünyada gedən və qaçılmaz qloballaşma prosesinin tərkib hissəsidir. Müsəlman dünyası da ya buna razı olub, inteqrasiya olmalıdır, ya da özünə qapanıb iflasa doğru getməlidir.”

200 ildir bir dənə məktəbi olmayan azərbaycanlılar İranda öz milli mədəniyyətini, milli şüurunu qoruyub saxlaya bilib.

İranda baş verən etirazlara görə əhalinin fərqli qruplara bölünməsinə fikir bildirən politoloqun qənaətinə görə, əgər yaxın gələcəkdə Tehran rejimi hadisələrin bu cür gedişatını nəzərə alıb, önləyici addımlar atmasa, bu, onun süqutu ilə nəticələnə bilər.

“200 ildir bir dənə məktəbi olmayan azərbaycanlılar İranda öz milli mədəniyyətini, milli musiqisini, milli şüurunu qoruyub saxlaya bilib. İran çoxmillətli ölkə olduğu üçün etnik münaqişələr həmişə olub. Sadəcə olaraq İran dövləti insanları dini dəyərlər ətrafında birləşdirməklə onların bu şeylərə göz yummasına nail ola bilirdi. Çoxmillətli və ayrıseçkilik siyasəti yürüdən dövlətdə iqtisadi, sosial böhranlar üzə çıxan zaman bu millətlərin hamısı prosesə qoşulur. Ona görə də əgər İran höküməti bu prosesin qarşısını almasa, tərəflər kəskin qarşıdurmaya getsə bu da dövlətin sonunu gətirib çıxara bilər. Sovet İttifaqı nümunəsində də buna şahid olmaq olar.”

XS
SM
MD
LG