Accessibility links

Arif Kəskin: İbrahim Rəisinin İrana rəhbərlik arzusu ilə prezidentlik vəzifəsi arasında ziddiyyət yaşanacaq


Arif Kəskin
Arif Kəskin

Amerikanın Səsinə danışan siyasi ekspert Arif Kəskin hesab edir ki, İbrahim Rəisinin prezident olması İran İslam Respublikasının daxili və xarici siyasətində əsas dəyişikliklərin başlanğıcı ola bilər.

Arif Kəskin: İbrahim Rəisinin İrana rəhbərlik arzusu ilə prezidentlik vəzifəsi arasında ziddiyyət yaşanacaq
please wait

No media source currently available

0:00 0:16:48 0:00

“İbrahim Rəisinin prezident olması Həsən Ruhani, Mahmud Əhmədinejad və Məhəmməd Xatəminin prezident olmasından fərqlidir. Bunun ən önəmli səbəbi İran İslam Cümhuriyyətinin taleh yüklü məsələləri ilə əlaqədar olmasıdır,” o, söyləyir.

Rəisinin könlündə Xameneyidən sonra İrana rəhbər olmaq var. Rəhbər inqilabı təmsil edər. Ona görə daha radikaldır. Prezident isə icra qurumunu təmsil etdiyi üçün bəlli dərəcədə praqmatistdir və dünya ilə olan irtibatı diqqətə alaraq danışar. Lider olmaq istəyən Rəisi hansı rolu qəbullanacaq?

Arif Kəskin 1979 inqilabından bəri İslam Respublikasının dövlət qurumlarında “ikiyə ayrılma və bölünmüşlük” problemi ilə qarşı-qarşıya olduğunu ifadə edir. Onun dediklərinə görə, İranın ali dini rəhbəri Seyyid Əli Xameneyi bunun kimi əsas problemləri İbrahim Rəisi üzərindən çözmək istəyir:

“İslam Cümhuriyyəti fikir olaraq bütün insanları tək bir düşüncə ətrafında toplamaq istəsə də, öz içində hər zaman ixtilaflı olub. Heç zaman bir bütün olmayıb. Bu gün İran dövlətinə baxdığımız zaman dünya siyasət elmindəki dövlətdən də fərqli bir dövlət modeli ortaya çıxır. Dövlət, qurumlar olaraq ikiyə ayrılıb. Bir-biri ilə yarışan, bir-birinin əleyhinə olan qurumlar silsiləsi doğub İran dövlət sistemində. Rəsmi ordu var və İnqilab Qvardiyası (Sepah) var. Neçə dənə təhlükəsizlik servisi var. Xarici siyasətdə fərqli qurumlar var bir-biri ilə paralel olan və bir-birini dinləməyən. İqtisadiyyatda, mədəniyyətdə dörd-beş qərar verici orqanlar var. Bunlar sadəcə siyasi səhnədə deyil, dövlətin performansını, gücünü və təsirini də ciddi şəkildə zəiflədir.”

Siyasi ekspert əlavə edir ki, “Xameneyi uzun zamandan bəri dövlət içindəki bu bölgüyü və ikiyə ayrılmışlığı aradan qaldırmaq istəyir. Amma bir türlü bunu bacara bilmir. Bugün bunun Rəisi üzərindən əldə edilə biləcəyini düşünür.”

Rəisi məhkəmə sistemində çalışıb və bir çox kollektiv edamın məsulu olaraq bilinir. İnsanlığa qarşı cinayətlə suçlanan birinin o vəzifəyə gəlməsi başlı başına İranın Qərblə münasibətinə təsir edən bir ünsürdür.

Arif Kəskin hesab edir ki, İslam Respublikası bu ixtilaf problemini çözmək üçün prezidentsiz bir sistemə keçməyi də düşünə bilər.

İranın siyasi mühitində İbrahim Rəisinin Xameneyidən sonra İranın ali dini lideri ola biləcəyi danışılır. Kəskin Rəisinin rəhbər olmaq arzusu ilə prezidenlik vəzifəsinin üst-üstə gəlməsinin bir “rol toqquşmasına” yol açacağını önə çəkir.

“Rəisinin könlündə Xameneyidən sonra İrana rəhbər olmaq var. İranda rəhbər ilə prezident arasında bir iş bölümü var. Rəhbər ideoloji və dini bir qurumdur və inqilabı təmsil edər. Ona görə daha radikaldır. Prezident isə icra qurumunu təmsil etdiyi üçün bəlli dərəcədə praqmatistdir və dünya ilə olan irtibatı diqqətə alaraq danışır. Lider olmaq istəyən Rəisi hansı rolu qəbullanacaq? Burada bir rol toqquşması var... İbrahim Rəisi, məsələn, Həsən Ruhani kimi davransa, buna deyəcəklər ki, Qərb ilə barışmaq istəyir. Amma, rəhbərlik qurumu inqilabı təmsil etmək istədiyi üçün Qərb əleyhdarıdır. Təslimiyyətçi deyil. Qərbə qarşı “dirənişi” təmsil edir. Amma prezident bəlli mənada bundan uzaq durur. Rəsisi rəhbər kimimi olacaq, yoxsa prezident kimimi?”

Xameneyi uzun zamandan bəri dövlət içindəki bu bölünmüşlüyü və ikiyə ayrılmışlığı aradan qaldırmaq istəyir. Bugün bunun Rəisi üzərindən əldə edilə biləcəyini düşünür.

Mühafizəkar şiə din xadimi İbrahim Rəisi 1988-ci ildən sonra baş verən kollektiv edamların əmrini verən məhkəmə sistemi rəsmilərindən biri kimi tanınır. Arif Kəskin Rəisinin bu keçmişinin İranın xarici siyasətinə birbaşa təsir edəcəyini vurğulayır.

“Bütün siyasi prosesləri, hər şeyi bir tərəfə buraxsaq, İbrahim Rəisinin prezident olması başlı başına ölkənin xarici siyasətinə təsir edən bir amildir. Xüsusilə də Rəisinin keçmişi. Rəisi məhkəmə sistemində çalışıb və bir çox toplu edamdan məsul şəxs olaraq bilinir. Bu gün də dünyada olan insan haqları qurumlarının hədəfində olan bir şəxsdir. Düşünün, insanlığa qarşı cinayətlə suçlanan birinin o vəzifəyə gəlməsi başlı başına İranın Qərblə münasibətinə təsir edən bir ünsürdür. Ayrıca rəhbərlik arzusunda olan bir cumhur başqanı xarici siyasətdə Həsən Ruhani və başqaları kimi əli açıq olmayacaq,” deyə Arif Kəskin qeyd edir.

Siyasi ekspertin sözlərinə görə, “Rəisi dönəmində İranın xarici siyasəti qurumsal olaraq da dəyişəcək. Yəni İranın xarici siyasəti daha çox Qüds gücü və İslam İnqilab Qvardiyasının (Sepah) kontroluna keçəcək.”

XS
SM
MD
LG