Accessibility links

Arzu Abdullayeva: 'Əfsuslar olsun ki, işgəncə olub'


Arzu Abdullayeva

“Dövlət Departamentinin Azərbaycanda saxlanılan, həbs edilən şəxslərə işgəncə verilməsi haqda dediklərinə, əlbəttə, inanmaq olar. Onlar bunu Azərbaycanın hüquq müdafiəçilərinin hesabatları əsasında deyirlər. İşgəncə verilməsi danılmaz faktlardır. Bunlar olub”. Hüquq müdafiəçisi Arzu Abdullayeva ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatında Azərbaycanda həbsxana və ya təcridxanalarda saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri şərh edərkən söyləyir.

Hesabatda müxalifyönlü bloqqer Mehman Qələndərovun Kürdəxanı təcridxanasında müəmmalı ölümünə toxunulur. Rəsmi qurumlar onun özünü asdığını bildirsələr də, hesabatda bu iş üzrə heç bir araşdırma aparılmadığı, bloqqerin tələm-tələsik basdırıldığı qeyd olunur.

Və ya 2017-ci ilin mayında casusluqda ittiham olunan beş hərbçinin naməlum şəraitdə ölümü də xatırlanır. Hesabat müəllifləri yazırlar ki, yerli insan haqları fəalları bunun işgəncə izlərinin ört basdır olunması üçün edildiyini deyirlər.

Hesabatda bildirilir ki, “Müsəlman Birliyi” Hərəkatının liderlərindən Abbas Hüseynov və NİDA fəalı Bayram Məmmədova qarşı işgəncə şikayətləri araşdırmasız qalıb.

“Əfsuslar olsun ki, hesabatda sadalanan faktlar olub”, Arzu Abdullayeva deyir.

Penitensiar Xidmət: «Həqiqətəuyğun deyil»

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovsa hesabatda deyilənlərlə razılaşmır: “Azərbaycanda məhkumlara işgəncə verilməsi həqiqətəuyğun deyil”.

Mehman Sadıqov
Mehman Sadıqov

O, mötəbər qurumların, o cümlədən Avropa Şurasının, onun İşgəncələr Əleyhinə Komitəsinin mütəmadi həbsxanalara və istintaq təcridxanalarına baş çəkdiyini, saxlanılan şəxslərlə necə rəftar edilməsiylə maraqlandıqlarını deyir:

“İstənilən şəxslə təkbətək görüşürlər, hesabatlar hazırlayırlar. Son illərdə, bir dəfə də olsun, işgəncəylə bağlı irad olmayıb. Qüsurlar var, amma bu, rəftarla bağlı deyil. Qüsurlar saxlanma yerlərinin bəzilərinin köhnə olması ilə bağlıdır. Bu istiqamətdə də işlər görülür”.

Parlamentin İnsan haqları komitəsinin üzvü, YAP-çı deputat Hikmət Məmmədov hesabatdakı tənqidləri “əsası olmayan, qeyri-dəqiq, böhtan xarakterli” fikirlər adlandırır və onu şərh etmək istəmir. “Nə vaxt həqiqətəuyğun fikir olarsa, şərh edərəm”, o söyləyir.

“İşgəncə verənlər cəzalandırılmır”

Hüquq müdafiəçisi Arzu​ Abdullayeva isə ona təəssüflənir ki, işgəncə verənlərin cəzalandırılacağına, məsuliyyətə cəlb olunacağına əmin deyil: “Bu məsələ həmişə qaldırılıb. Kimsə töhmət alıb, kiçik bir cəza alıb, ancaq məsuliyyətə cəlb edilməyib”.

Hesabatda vurğulanır ki, Azərbaycan həbsxanalarında işgəncələrin yetərincə geniş yayılmasına baxmayaraq, belə halların araşdırılmasına de-fakto qadağan qoyulub.

Hüquq müdafiəçisi bunun səbəbini belə izah edir: “İşgəncə təzyiq metodudur. Bundan istifadə olunur. Bu, qeyri-peşəkarlıqdır, qeyri-insani rəftardır. Bunlar hələ ki mövcuddur”.

O ümid edir ki, gələcəkdə belə hesabatların, hüquq müdafiəçilərinin bəyanatlarının təsiri olacaq və işgəncəyə son qoyulacaq.

Vaxtaşırı müxtəlif beynəlxalq qurumlar Azərbaycanda saxlanılma müəssisələrində vətəndaşlara işgəncə verilməsini tənqid etsələr də, hakimiyyət təmsilçiləri deyilənləri rədd ediblər.

AzadlıqRadiosu

XS
SM
MD
LG