Accessibility links

Aslan İsmayılov: Müstəqil məhkəmə sistemi qurulmayınca heç bir hüquq müdafiəsindən söhbət gedə bilməz


Aslan İsmayılovla müsahibə
please wait

No media source currently available

0:00 0:11:38 0:00

Viza hüquq şirkətinin rəhbəri Aslan İsmayılov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində qəbul edilmiş dəyişikliklər, hüquq sahəsində islahatlar və vəkillərin fəaliyyətdən uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Keçən ay Ali Məhkəmənin təşəbbüsü ilə Milli Məclis “Vəkillik və vəkillik fəaliyyəti haqda qanun”a düzəlişləri təsdiq edib. Bundan sonra mülki və inzibati işlər üzrə məhkəmələrdə fiziki şəxslər ancaq peşəkar vəkillərlə - Vəkillər kollegiyasının üzvləri ilə təmsil oluna bilər. Qanunvericiliyə dəyişikliklər yerli hüquq ictimaiyyəti və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tənqidlərlə qarşılanıb. Müşahidəçiliərin fikrincə, bununla məhkəmələrdə vətəndaşların vəkil olmayan şəxslər tərəfindən təmsil olunması institutu ləğv olunur. Viza hüquq şirkətinin rəhbəri Aslan İsmayılov Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində qəbul edilmiş dəyişikliklər, hüquq sahəsində islahatlar və vəkillərin fəaliyyətdən uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Aslan İsmayılov dəyişikliklərin edilməsi üçün əsaslanmada göstərildiyi kimi məhkəmələrin işinin səmərəliliyinin artırılacağını gözləmədiyini deyib.

“Məhkəmələrin iş səmərəliliyi artmayacaq və əksinə iş yükü çox olacaq. Niyə? Ona görə ki, Azərbaycanda cəmi təxminən 900-yə yaxın vəkil var. Bu, dünyada əhali sayını götürəndə min nəfərə ortalama dünyada təxminən 1000-1500 nəfərə bir vəkil düşür. Elə qonşu Gürcüstanda 1000 nəfərə bir vəkildi. Azərbaycanda isə 10 mindən artıq adama bir vəkil düşür. Sadə arifmetik hesablama aparsanız alınır ki, Azərbaycanda təxminən ortalama il ərzində 500 min işə baxılır. Bu 500 min işi də 1000 nəfərə belə böləndə hər vəkilə 500 iş düşür, məhkəmə işi.”

Aslan İsmayılovun sözlərinə görə, vəkillərin bu qədər sayda məhkəmə işinin öhdəsindən gəlməsi fiziki olaraq mümkün deyil. O bu işin Vəkillər Kollegiyasından kənarda olan nümayəndəlik institutu tərəfindən görüldüyünü qeyd edib.

“Onun da tərkibində rəsmilərin özünün etiraf etdiyinə görə, doqquz min adam var idi. Bununla onlar nəyə nail olurlar? Birinci, təxminən 10 nəfər işsiz qalır. Bu, 10 min ailə deməkdir. Ondan başqa, əsasən yoxsul təbəqənin vətəndaşları bu nümayəndələrə müraciət edirdilər. Demək, onlar müdafiə hüququndan tamamilə məhrum olurlar.”

Aslan İsmayılov dəyişikliklərin hüquqi xidmətlərin qiymətinin artmasına gətirib çıxara biləcəyini deyib.

“Vəkillikdə monopoliya artacaq. İstənilən monopoliyanın, yəni inhisarın artması isə hamı bilir ki, bu, qiymətlərin bahalaşmasına gətirib çıxarır. Yəni vəkil haqqı artacaq.”

Aslan İsmayılov son düzəlişlərin müdafiə sahəsində vəziyyətin pisləşməsinə səbəb olacağını düşündüyünü bildirib. O deyib ki, hüquq sahəsində islahatlar məhkəmə sisteminin müstəqilliyinin və vəkillərin müstəqil fəaliyyətinin təmin olunmasından başlamalıdır.

“Vəkilliyə islahat lazım deyil. Sadəcə, vəkilliyin işinə mane olmaq lazım deyil. Lazımdır ki, vəkillik özü-özünü formalaşdırsın, özü-özünə sədr seçsin, rəyasət heyətin seçsin və komissiyalar formalaşdırsın.”

Aslan İsmayılov son illər özü də daxil olmaqla bir sıra vəkillərin Vəkillər Kollegiyasından müraciətlər əsasında uzaqlaşdırılması haqda danışıb.

“Ölkədə tanınmış vəkillər var. Həm ölkə onları qəbul edir, həm ölkə xaricində tanınmışdılar. Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Qurban Məmmədov var. Bunlar test imtahanlarını ən yüksək balla keçsələr də, Vəkillər Kollegiyasından keçə bilməyiblər. Məni birinci dəfə 1999-cu ildə xaric etmişdilər. İkinci dəfə 2013-cü ildə xaric etdilər. Və ondan sonra Azərbaycanda az-çox vəkillik institutunun nüfuzunu qoruyan bir neçə vəkil var idi. Onların hamısını vəkillikdən xaric etdilər.”

Aslan İsmayılov müstəqil məhkəmə sisteminin qurulmasının vacibliyini vurğulayıb.

“Ölkədə idarəetmə sistemi dəyişməyincə, müstəqil məhkəmə hakimiyyəti qurulmayınca heç bir hüquq müdafiəsindən, Vəkillər Kollegiyasından söhbət gedə bilməz. Bunun üçün bircə yol var. Ölkədə azad seçkilərin keçirilməsi. Bələdiyyələrə, parlamentə, prezident seçkilərində hamıya seçib-seçilmək üçün bərabər şanslar yaradılmalıdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG