Dekabr ayında manatın devalvasiyası və 2015-ci ildə neftin qiymətinin düşməsi və rekord aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatına təsiri göstərən əsas amillər oldu. Ekspertlər 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dirçəlməsi və manatın məzənnəsinin dəyişməsi, sosial-iqtisadi durumun yaxşılaşdırılması yolları və əhalinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı təkliflərini irəli sürür və islahatların keçirilməsinə çağırır. Son günlər Azərbaycanın bir sıra rayonlarında əhali qiymətlərin artması və işsizliyə etiraz olaraq aksiyalar keçirib. Tanınmış vəkil Aslan İsmayılov Amerikanın Səsinin “Amerika icmalı” proqramında Skype müsahibəsində ölkədə sosial-iqtisadi durum, bunun səbəbləri və vəziyyətdən çıxış yollarından danışıb.
Təsadüf, yoxsa qanunauyğunluq
Aslan İsmayılovun sözlərinə görə bu gün baş verənlər son 10 il aparılan siyasətin nəticəsidir. “Orta və iri sahibkarlığın məhvi, iqtisadiyyatın bütün sahələrində total korrupsiya, məmurlara paket verilməsi, yəni artıq korrupsiyanın bir idarəetmə mexanizminə çevrilməsi, məmur özbaşınalığı, bütün sahələrdə olan inhisarçılıq, ədalətsiz, bazara oxşar məhkəmələr, bütün sahələrdə keçirilən saxta seçkilər, bələdiyyə, parlament seçkiləri, hüquq-mühafizə orqanlarının özbaşınalığı, bunlar hamısı bu günü labüd edirdi. Bu barədə ölkədə olan şəxslər, hakimiyyətə xəbərdarlıq edirdik, çox təəssüf edirik ki, hakimiyyət buna heç bir fikir vermədi və öz yoluna davam etdi.”
Vəziyyətdən çıxış yolları
Ekspertlər 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün ağır illərdən biri kimi dəyərləndirir. Aslan İsmaılov 2016-cı ildə böhranlı vəziyyətdən çıxmaq üçün təkliflərini göstərib:”Birinci növbədə, Azərbaycan hakimiyyəti, ölkə rəhbərliyi əhali ilə səmimi olmalıdır. Bu gün böhrana girdiyimiz gündən bu günə qədər Azərbaycan hakimiyyəti əhali ilə qeyri-səmimi davranır. Bu gün də çıxışlarda iqtisadi artımdan, iqtisadi inkişafdan, ədalətli partlament seçkilərindən, iqtisadiyyatın çoxşahəli olduğundan danışılır.
"Monopoliya, inhisarçılıq, azad sahibkarlığın inkişafına mane olan bütün amillər aradan götürülməlidir. Gömrük-vergi maksimum sadələşdirilməlidir, insanların işləməsi üçün maneə olmaq yox, kömək etmək lazımdır"-Aslan İsmayılov
Birinci növbədə əhali ilə səmimi olmalı, etiraf olunmalıdır ki, bəli, səhvlər olub, əhaliyə anlayışla yanaşıb, bu situasiyadan birlikdə çıxmağa çağırmaq lazımdır. Bundan başqa, Amerika kimi böyük bir dövlətdə təmsil olunan nazirliklərdən bizdəki nazirliklərin, komitələrin sayı dörd dəfə artıqdır. Onlar təcili ləğv olunmalıdır. Çünki Azərbaycanda nə qədər məmur varsa, o qədər əhaliyə mane olan maneələr var. Ona görə ki, Azərbaycan məmuru səhər işə gedəndə ancaq bir fikirlə gedir: əhalinin hansı işinə əngəl törədim, ondan rüşvət alım. Bu şüur dəyişdirilməlidir. Nazirliklərin, komitələrin sayı maksimum 10-a endirilməlidir. Bu, əlbəttə ki, böyük sayda işsiz ordusu əmələ gətirəcək, amma bu məcburiyyətdir. Ondan sonra iqtisadi azadlıq təmin edilməlidir. Monopoliya, inhisarçılıq, azad sahibkarlığın inkişafına mane olan bütün amillər aradan götürülməlidir. Gömrük-vergi maksimum sadələşdirilməlidir, insanların işləməsi üçün maneə olmaq yox, kömək etmək lazımdır. Maliyyə amnistisiyası olmalıdır ki, ölkədən pul axını olmasın. Cəmiyyətdə barış yaradılmalıdır, qarşıdurma aradan götürülməlidir. Bu dəqiqə Azərbaycan hakimiyyəti ilə xalq arasında böyük bir uçurum var. Hakimiyyət özü üçün bir virtual aləm qurubdur və yerdə baş verənlərdən əsla xəbəri yoxdur. Son günlər baş verənlər bir daha bunu göstərdi. Ona görə ki əhalinin acından, işsizlikdən etdiyi etirazları bəziləri guya spirtli içki ala bilmədiklərinə görə, digərləri isə içkili vəziyyətdə xaos yaratmaq istədikləri ilə əsaslandırdırlar. Hakimiyyət anlamalıdır ki, həqiqətən ölkədə insanlar işsizdirlər və bu gün çörək puluna möhtacdırlar. Bunun üçün də bu sözləri bu günə qədər, 2005-ci ildən bu günə qədər deyən bir çox şəxlər, məhz hakimiyyəti tənqid etdiklərinə görə həbsə atılıblar. O həbsdə olanlar həbsdən azad olmalıdır.
"Əhalinin acından, işsizlikdən etdiyi etirazları bəziləri guya spirtli içki ala bilmədiklərinə görə, digərləri isə içkili vəziyyətdə xaos yaratmaq istədikləri ilə əsaslandırdırlar. Hakimiyyət anlamalıdır ki, həqiqətən ölkədə insanlar işsizdirlər və bu gün çörək puluna möhtacdırlar"-Aslan İsmayılov
Məhkəmələr buraxılmalıdır, yeni bir məhkəmə sistemi qurulmalıdır. Elə bir məhkəmə sistemi ki, vətəndaş məmur qarşıdurması olanda, anlaşılmazlıq olanda vətəndaş məhkəməyə müraciət edib haqqını bərpa etsin. Bu gün isə bu mümkün deyil.”
Siyasi islahatlar olmadan iqtisadi islahatlar nəticə verməyəcək
Vəziyyətdən çıxış yolu kimi iqtisadi islahlatların keçirilməsi ilə bağlı çağırışlar səslənir. Aslan İsmayılovun sözlərinə görə, probmlemlər təkcə iqtisadiyyatı əhatə etmir və vəziyyətdən çıxış eyni zamanda siyasi islahatların keçirilməsi yolu ilə olmalıdır. “Bunu 1 il, 2 il bundan qabaq, ən azı 6 ay bundan qabaq etmiş olsaydılar tək iqtisadi islahatlarla bundan çıxmaq olardı. Bu gün isə ondan çıxmaq mümkün deyil. Bu gün iqtisadi islahatlara bərabər, siyasi islahatlar da keçirilməlidir. Gömrük-vergi sistemində islahatlarla bərabər, məhkəmə, hüquq-mühafizə orqanlarında, nazirlər kabinetində, hər yerdə islahatlar aparılmaıdlır. Yəni bu gün artıq siyasi islahat aparmadan, istənilən iqtisadi islahatın effektiv olmayacaq. Ona görə ki bu gün Azərbaycan əhalisi hökumətə olan inamını tam itirib.”
Aztəminatlı əhalinin sosial müdafiəsi
Manatın məzənnəsinin dəyişməsi əhalinin aztəminatlı hissəsinə daha çox təsir göstərir. Aslan İsmayılov onların sosial müdafiəsi üçün atılmalı addımlardan danışıb: ”Bu gün Azərbaycan əhalisi faktiki olaraq bankların girovuna çevrilib. Banklar Azərbaycan oliqarxlarına xidmət edib bu illər ərzində və əhalini kreditlə kölə vəziyyətinə salıb. Və bu əhalinin əksər hissəsinə kreditlər dollarla verilib. Bu gün xüsusilə aztəminatlı ailələr ehtiyacları üçün 3 min, 5 min, bəziləri 10 min kredit götürmüşdü, kimi özünə yaşamaq üçün bir köma düzəltsin, kimi ailə üzvlərini müalicə etmək üçün xəstəxanaya aparsın, onlar kreditlə verilb və bu kasıb təbəqə onu heç cür ödəyə bilmir. Ona görə hesab edirəm ki, minimum 10 minə qədər dollarla kredit olanlar haqqında qərar qəbul olkunmalıdır ki, həmin şəxslər kreditləri köhnə məzənnə ilə ödəsin. Ondan sonra mərhələli etmək olar. 10 mindən 20 minə qədər bir güzəşt, 20 mindən 50 minə qədər digər güzəşt. Dollarla kredit götürmüş insanlara güzəşt olmaldır. Ondan başqa aztəminatlı ailələr var, onlara birbaşa yardım olmalıdır. Ona görə ki həqiqətən bu gün çörək almağa, qida məhsulu almağa pulu olmayan insanlar var. Təqaüdlər hökmən artırılmalıdır. Təqaüdlərin manatın məzənnəsinə uyğun olaraq həcmi artırılmalırır. Bu, minimum olacaq bir şeydir.
"Gömrük-vergi sistemində islahatlarla bərabər, məhkəmə, hüquq-mühafizə orqanlarında, nazirlər kabinetində, hər yerdə islahatlar aparılmaıdlır. Yəni bu gün artıq siyasi islahat aparmadan, istənilən iqtisadi islahatın effektiv olmayacaq"-Aslan İsmayılov
Ümumiyyətlə, daha irəli getsək, bu gün rayonlarda, yerlərdə kənd təsərrüfatının daha tez, çevik, ayağa qaldırılması üçün benzinin qiyməti qaldırılmaıldır. Kənd təsərrüfatına ayrılacaq maliyyələrdə olan şapkalar hamısı götürülməlidir və kiçik sahibkarlıq hər yerdə təşviq edilməlidir. İnvestisiyanın cəlb olunması üçün maksimum tədbirlər görülməlidir.
Əhaliyə qarşı zor işlədilməməlidir
Uzun illər müxtəlif şirkətlər və xarici iş adamlarına hüquqi yardım göstərən Aslan İsmayılov xırda sahibkarlıq və kiçik bizneslərin fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması istiqamətində görülməli işləri qeyd edib. “İqtisadiyyatda köklü liberallaşma, rüsumların, vergilərin maksimum azaldılması, kiçik sahibkarlığa ən aşağı faizlərlə vəsait ayrılması, ən əsası da əhalini inandırmaq lazımdır ki, hakimyyət sözdə yox, əməldə islahata gedir...Bugünkü günə qədər Azərbaycan hakimiyyəti efirdən əhaliyə bir söz deyir, reallda isə başqa şeydir. Bundan çəkinib deyiləni etmək lazımdı və əhalini buna inandrmaq lazımdır Dönə-dönə qeyd edirəm. Bu gün rayonlarda etiraz bildirənlərə qarşı güc yolu ilə danışmaqla yox, danışıb onlara düşdüyümüz çətin vəziyyəti anladıb inandırmaq lazımdır. Ancaq bu yolla bu situasiyadan çıxa bilərik. Dönə-dönə qeyd edirəm, istənilən əhaliyə qarşı işlədilən zor bu hakmiyyəti və ölkəmizi fəlakətə aparacaq. Bundan maksimum çəkinmək lazımdır. Heç vaxt əhalisinə qarşı zor işlələdən, xüsusilə qoşun yeridən hakimiyyətin ayqada durduğnu tarix görməyib və əminəm ki, heç vaxt da görməyəcək. Bundan qətiyyətlə çəkinmək lazmıdır.”