Accessibility links

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi yenilənib.

Parlament mənbələrindən məlum olub ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətindən çıxarılıb.

Onların yerinə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, bitərəf Ülviyyə Ağayeva və Elşad Həsənov təyin edilib.

E.Həsənov 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilib. Deputat seçilməzdən öncə "Kaspian Konsaltinq" özəl şirkətində hüquqşünas işləyib.

Ü.Ağayeva 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçilib. Seçildiyi zaman Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda çalışıb.

AŞPA nümayəndə heyətinin tərkibində dəyişikliklərin səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Ancaq məlumdur ki, E.Süleymanov və M.Məmmədovun adları İtaliya prokurorluğunda barəsində araşdırma aparılan AŞPA-nın keçmiş vitse-prezidenti Luka Volonte ilə əlaqələrdə keçir.

Avropa Sabitlik Təşəbbüsü (AST) beynəlxalq qeyri-hökumət təşkilatının araşdırmasından Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı AŞPA qərarlarının qarşısının alınması məqsədilə təşkilatın bəzi üzvlərinin və avropalı siyasətçilərin ələ alınmasına dair faktlar açıqlanıb.

Həmin faktlardan digər araşdırmada - "Azərbaycan landromatı" adlı araşdırmada da danışılır. Sənəd 2017-ci ilin sentyabrında OCCRP beynəlxalq jurnalist şəbəkəsi tərəfindən dərc edilib.

AŞPA nümayəndə heyətində kadr dəyişikliyi həm də Azərbaycan hökuməti ilə Avropa Şurası arasında yaranan gərginlik fonunda baş verib. Gərginliyə Bakının REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə Strasburq məhkəməsinin qərarını yerinə yetirməməsi səbəb olub.

Rəsmi Bakının təmsilçiləri ölkənin təşkilatdan çıxmasının mümkünlüyünü də istisna etməyib.

Ancaq nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi hakimiyyətin AŞ-da qalmaq niyyətindən xəbər verir.

AŞPA-da nümayəndə heyətinin yeni üzvü Asim Mollazadə Amerikanın Səsinə bildirib ki, Avropa Şurasında qalmaq Azərbaycan üçün vacibdir.

Strasburq Azərbaycanın ərazi bütövlüyü problemini qaldırmasına imkan verən meydançadır.

A.Mollazadə qeyd edib ki, AŞ yeganə beynəlxalq təşkilatdır ki, onun qətnaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, etnik təmizləmə və məcburi köçkünlər barədə danışılır.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinə Səməd Seyidov (sədr), Qənirə Paşayeva (bitərəf), Fazil Mustafa (Böyük Quruluş Partiyasının sədri), Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), Sahibə Qafarova (Yeni Azərbaycan Partiyası), Sevinc Fətəliyeva (Yeni Azərbaycan Partiyası), Rafael Hüseynov (bitərəf), Rövşən Rzayev (bitərəf) və Vüsal Hüseynov (Yeni Azərbaycan Partiyası) daxildir.

XS
SM
MD
LG