Aşağı dozada aspirinin infarkt keçirmiş insanlara yardım etdiyi məlumdur. Lakin yeni araşdırmaların nəticələri bu preparatın bir çox insan üçün riskli olduğunu göstərib.
İnsanlar aspirindən baş və əzələ ağrısı üçün istifadə etdiyi vaxt, həkimlər uzun müddətdir infarkt, iflic və digər ürək problemi olanlara bu preparatdan az dozada istifadə etməyi məsləhət görürdü. Doktor Holli Anderson: “İnfarkt və ya iflic olan insanların çoxunun hər gün çox az dozada aspirindən faydalandığını bilirik. Bunu etmək vacibdir, bu, gələcəkdə sizin iflic və ya ürək tutması keçirmənizin qarşısını alır, həyatınızı uzadır.”
Hazırda aparılmış geniş araşdırmalarda aspirinin ürəkdə ilk dəfə problemin qarşısını alıb-almadığı öyrənilib. Ayrı-ayrılıqda aparılan üç araşdırmanın nəticələri bunun belə olmadığını göstərib.
Araşdırmalardan biri yüksək xolesterol, yüksək qan təzyiqi və siqaret səbəbindən orta dərəcəli riskə malik olan 12 min insan üzərində aparılıb. Nəticələr aspirinin heç bir faydası olmadığını göstərib.
Digər araşdırmalar isə 15 min diabet xəstəsi üzərində aparılıb ki, bu da aspirinin ciddi qanaxmaya səbəb ola bildiyini göstərib. Oksford universitetindən Ceyn Armitac: “Biz eləcə də bunun təxminən 30 faizə qədər qanaxma riskini artırdığını gördük. Güclü qanaxma insanların xəstəxanaya düşməsinə səbəb ola bilər. Qanaxma əsasən, bağırsaqda, gözdə və ya beyində baş verə bilər.”
Avropa Kardiologiya Assosiasiyasının bu araşdırmaların nəticələrini açıqlamasına baxmayaraq, həkimlərin hələ də aspirinin ürək xəstəliyi olan insanlara xeyri barədəki fikir dəyişmir.