Accessibility links

Tramp: "WikiLeaks haqda heç nə bilmirəm"


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp cümə axşamı WikiLeaks saytının təsisçisi Britaniyada həbs olunandan sonra WikiLeaks barədə heç nə bilmədiyini söyləyib.

47 yaşlı avstraliyalı Assanj 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyində yaşayırdı, lakin cümə axşamı Britaniya polisi tərəfindən saxlanılıb.

Ekvador Assanjın gizli məlumatları yaymaq yolu ilə digər ölkələrin işlərinə müdaxilə etməyə davam edərək, sığınacaq konvensiyasını pozduğunu deyib.

Müxbirlət cümə axşamı Trampa Assanjın həbsi ilə bağlı suallar ünvanlayıb.

"WikiLeaks haqda heç nə bilmirəm. Bu mənlik bir şey deyil. Culian Assanj ilə əlaqəsi olduğunu bilirəm və Assanjın başına gələnləri görürəm. Məncə bu məsələ ilə bağlı baş prokuror qərar verəcək. O, çox yaxşı iş görür. Qərarı da o verəcək", Donald Tramp deyib.

WikiLeaks-in təsisçisi Culian Assanj həbs olunduqdan sonra Vestminster Sülh Cəza Məhkəməsinə gətirilib, London, İngiltərə. 11 Aprel, 2019-cu il.
WikiLeaks-in təsisçisi Culian Assanj həbs olunduqdan sonra Vestminster Sülh Cəza Məhkəməsinə gətirilib, London, İngiltərə. 11 Aprel, 2019-cu il.

Tramp 2016-cı ildə prezident kampaniyası zamanı WikiLeaks Demokratik Milli Komitənin hək olunmuş email-lərini dərc etdikdən sonra dəfələrlə WikiLeaks-ə istinad edib. Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı o bir dəfə hətta, "WikiLeaks! Mən WikiLeaks-i sevirəm!" deyib.

WikiLeaks 2010-cu ildə 700 mindən çox sənəd, video, diplomatik teleqramlar və o zaman Bradli Mənninq olaraq tanınan keçmiş ABŞ əsgəri Çelsi Mənninq tərəfindən əldə edilən İraq və Əfqanıstanda aparılan döyüşlər barədə məlumatları dərc edib. Həmin məlumatlarda mülki əhali arasına tələfat halları və Kubada Quantanamo həbs düşərgəsindəki şübhəli terrorçular barədə detallar yer alıb.

Mənninq casusluq ittihamı ilə mühakimə olunaraq, 2010-cu ildə həbs edilib. O, 2017-ci ildə sərbəst buraxılıb, lakin 2019-cu ilin mart ayında böyük münsiflər məhkəməsi qarşısında WikiLeaks barədə ifadə verməkdən imtina etdiyi üçün yenidən həbs edilib.

Səfirlikdə sığınacaq

Assanj İsveçdə təcavüz ittihamı ilə üzləşdikdən sonra Ekvador səfirliyində sığınacaq istəyib. Lakin daha sonra ona qarşı irəli sürülən həmin ittiham aradan qaldırılıb. O, sığınacaq istəyəndə Birləşmiş Ştatlara ekstradisiya ilə üzləşəcəyini təxmin edirdi.

WikiLeaks-in təsisçisi Culian Assanj Ekvador səfirliyinin balkonunda tərəfdarları və mətbuata müraciət edir, London, İngiltərə. 5 fevral, 2016-cı il.
WikiLeaks-in təsisçisi Culian Assanj Ekvador səfirliyinin balkonunda tərəfdarları və mətbuata müraciət edir, London, İngiltərə. 5 fevral, 2016-cı il.

“WikiLeaks təhlükə ilə üzləşdiyi bir vaxt ifadə azadlığı və bütün cəmiyyətlərin sağlamlığı da təhlükə altındadır," Assanj səfirliyin balkonundan tərəfdarlarına deyib.

Amerika Birləşmiş Ştatları Assanjı Müdafiə Nazirliyinin kompüterlərindən məxfi məlumatlar əldə etmək üçün Mənninqlə əməkdaşlıq etməkdə günahlandırıb və onun İngiltərədən ekstradisiyasını tələb edib.

Mətbuat azadlığı

Mayami Universitetinin Hüquq Fakültəsisin hüquq üzrə təhlilçisi Karolin Mala Korbinin sözlərinə görə, mətbuat azadlığı ABŞ Konstitusiyasına birinci düzəliş atlında qorunur və bu səbəbdən də Assanja qarşı hansı ittihamların irəli sürüləcəyi həlledici rol oynayacaq.

Culian Assanja qarşı ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən böyük jüri iddianaməsinin fotoşəkili, Vaşinqton, ABŞ. 11 aprel 2019-cu il.
Culian Assanja qarşı ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən böyük jüri iddianaməsinin fotoşəkili, Vaşinqton, ABŞ. 11 aprel 2019-cu il.

"Məlumat toplayarkən qanunun pozulması söz azadlığı maddəsi tərəfindən qorunmur. Ancaq hər hansı məlumatı dərc etmək - bu, başqasının qanunsuz olaraq əldə etdiyi məlumat olsa belə - söz azadlığı maddəsi tərəfindən qorunur", Karolin Mala Korbin Amerikanın Səsinə deyib.

WikiLeaks Assanjın ABŞ-a təhvil verilmək məqsədilə həbs edildiyini bildirib. Onlar bununla bağlı müvafiq bəyanat yayıb. Assanjın vəkili Cennifer Robertson da Twitter-də bunu təsdiqləyib:

47 yaşlı Assanj İsveçin tələbi ilə bu ölkəyə ekstradiya edilməmək üçün Ekvadorun Londonun zəngin Naytsbric rayonundakı səfirliyinə sığınmışdı. O, İsveçdə zorlamaya görə ittiham olunurdu. Assanj bu ittihamları rədd edirdi. Sonradan İsveçdəki ittihamlara xitam verilmişdi.

Assanj bildirirdi ki, o, İsveçə ekstradisiya edilsə, oradan da Birləşmiş Ştatlara təhvil verilə bilər. Assanj ABŞ-ın məxfi hərbi və diplomatik sənədlərini Wikileaks saytında dərc etmişdi.

Öz tərəfdarları üçün Avstraliya doğumlu Assanj hökumətin öz səlahiyyətlərini aşmasına qarşı çıxan kiberqəhrəmandır. Tənqidçiləri isə onu Qərbin təhlükəsizliyini pozmuş cani hesab edir. Bir sıra Britaniya ekspertləri Assanjı Rusiya və Putinin aləti olmaqda günahlandırırlar.

Tərəfdarları deyirlər ki, Assanj səfirlikdə keçiridiyi qapalı həyat şəraitində sağlamlığını itirib. Onun depressiya, stomatoloji və çiyin ağrısı kimi problemləri var.

XS
SM
MD
LG