Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində (Bakıdan 360 kilometr cənub) Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Təməlqoyma mərasimində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan ərazisində Astara dəmir yolu stansiyasından İranın sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub.
Şahin Mustafayev Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir.
“Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır”.
Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli olacaqdır.