Accessibility links

İraqın xarici işlər naziri Türkiyə qüvvələrinin ölkədən çıxarılmasını tələb edib


İraqın xarici işlər naziri çərşənbə axşamı öz hökumətinin tələblərini BMT Təhlükəsizlik Şurasına çatdırıb və orada Bağdadın Türkiyə qüvvələrini günahlandırdığı istirahət kurortuna ölümcül zərbədən sonra türk qüvvələrinin İraq ərazisindən çıxarılmasını istəyib.

"Biz Türkiyə hərbi qüvvələrinin İraq ərazisində qeyri-qanuni mövcudluğunu pisləyirik” – deyə, Xarici işlər naziri Fuad Hüseyn şura üzvlərinə bildirib.

Xarici işlər naziri fövqəladə şura iclasında iştirak etmək üçün Nyu Yorka səfər edib. Bu, iyulun 20-də kürdlərin məskunlaşdığı Dohuk qubernatorluğundakı kurortda üçü uşaq olmaqla doqquz mülki şəxsin ölümünə səbəb olan hücumdan sonra baş tutub.

Bağdad Ankaranı günahlandırıb, təzminat və beynəlxalq araşdırma tələb edib.

Türkiyə İraqın Kürdüstan bölgəsi ilə sərhədində baş verən hücumu təkzib edib. Ankara bunu PKK terror qruplaşmasın yaraqlılarının etiyini bildirir.

"İraqın suverenliyi və ərazi bütövlüyü Türkiyə tərəfindən deyil, terror təşkilatları tərəfindən pozulur" – deyə, Türkiyənin BMT-dəki səfirinin müavini Öncü Keçəli qeyd edib.

PKK-nın hərbi qanadı hücumu törətdiyini inkar edib və Türkiyəni günahlandırıb.

İraqın xarici işlər naziri hücumu araşdırmaq üçün milli komitənin yaradıldığını bildirib. Nazirin sözlərinə görə, komitə ərazidə topladığını sübutlar arasında türk qüvvələrinin istifadə etdiyi növdə silah hissələri aşkarlayıb.

Hüseyn Təhlükəsizlik Şurasını Türkiyəni bütün hərbi qüvvələrini İraqdan çıxarmağa məcbur edən qətnamə qəbul etməyə çağırıb və o, jurnalistlərə bildirib ki, təxminən 4000 nəfər ərazidə Bağdadın razılığı olmadan fəaliyyət göstərir.

"Türkiyə bundan imtina edirsə, o zaman Türkiyə məsuliyyətə cəlb olunmalıdır. Türkiyə İraq xalqına əziyyət gətirməyi dayandırmalıdır" – deyə, o açıqlama verib.

Ankara on illərdir Türkiyənin cənub-şərqində və Şimali İraqda PKK ilə mübarizə aparır. Kürd separatçılarının 1984-cü ildə silaha əl atmasından bu yana qarşıdurmada 40 mindən çox insan həlak olub.

Türkiyə elçisi deyib ki, problemin bir hissəsi İraq hökumətinin bütün ərazilərinə nəzarət etməməsi və şimalda yüzlərlə kənddə terrorçuların təhlükəsiz sığınacaqlarının formalaşmasıdır.

"Biz PKK-nın İraqda ən azı 10 min kvadrat kilometr əraziyə nəzarət etdiyini təxmin edirik" – deyə, Keçeli deyib. Onun sözlərinə görə, Bağdad terrorçularla mübarizə aparmaq istəmir, ya da bacarmır.

"Qonşunuzu özünümüdafiə hüququndan istifadə etdiyinə görə cəzalandıra bilməzsiniz" – deyə, o bildirib.

Görüş başa çatanda Keçeli İraqın şimalındakı Mosul şəhərində Türkiyə konsulluğu yaxınlığında 4 minaatandan atəş açıldığı xəbərini indicə aldığını bildirib. Onun sözlərinə görə, ilkin məlumata görə, xəsarət alan olmayıb.

"Bu, növbəti açıq hücumdur və İraq hakimiyyətinin öz ərazilərində nəzarətinin olmamasının başqa bir nümunəsidir. Bir daha İraq hakimiyyətini gərginlik yaratma üslubundan çəkinməyə və bütün terror təşkilatlarına qarşı əməkdaşlığa cəmləməyə çağırırıq" – deyə, Türkiyə nümayəndəsi bildirib.

İraqın xarici işlər naziri deyib ki, o, baş verənləri yoxlayacaq və əgər doğrudursa, hökuməti bunu ən sərt şəkildə qınayacaq.

Öz növbəsində, Təhlükəsizlik Şurası bazar ertəsi verdiyi bəyanatda Dohuk hücumunu qətiyyətlə pisləsə də, hər hansı tərəfi ittiham etməyib.

Şura hücumun araşdırılmasında İraq hökuməti və digər müvafiq orqanlarla əməkdaşlığa çağırıb. O, həmçinin İraqın müstəqilliyi, suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.

XS
SM
MD
LG