Accessibility links

ATƏT Emin Hüseynovun ölkəni tərk etməsinə imkan verilməsini müsbət qiymətləndirib


ATƏT-in Parlament Assembleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İzabel Santos Azərbaycan hökumətinin media azadlıqları müdafiəçisi Emin Hüseynovun ölkədən təhlükəsiz şəkildə çıxışına şərait yaratmaq qərarını müsbət qiymətləndirərək ölkəni ATƏT-in insan haqları öhdəliklərinə əməl etmək üçün daha çox addım atmağa çağırıb.

"Rəsmilərin cənab Hüseynova Azərbaycanı tərk etmək üçün icazə verməsi müsbət irəliləyişdir. Mən bu hadisəni mümkün edən İsveçrə hökumətinin davamlı mövqeyini alqışlayıram. Digər tərəfdən isə rəsmilərin vətəndaş cəmiyyəti liderini ölkədən qaçmağa məcbur etməsi məyusluq doğurur. Ümid edirəm ki, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan hökumətinin bu jesti insan haqları göstəricilərində fundamental dəyişiklik üçün atılmış addım olacaq".

Xanım Santosun sözlərinə görə, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə ciddi məhəl qoymağa başlamalıdır.

"Bu proses İntiqam Əliyev, Xədicə İsmayılova, Rəsul Cəfərov, Anar Məmmədli və Leyla Yunus da daxil olmaqla, hazırda həbsdə olan siyası və vicdan məhbuslarının azad edilməsi ilə başlamalıdır", İzabel Santos bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) 10 ay İsveçrənin Bakıdakı səfirliyində gizlənən rəhbəri Emin Hüseynovun iyunun 13-də ölkəni tərk etməsinə icazə verilib.

O, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən çıxıb.

Bu barədə İsveçrənin www.news.ch saytı məlumat verib.

XS
SM
MD
LG