Accessibility links

Bakıda ATƏT PA Assambleyasının illik sessiyası açılıb


ATƏT Parlament Assambleyasının sessiyası
ATƏT Parlament Assambleyasının sessiyası

Sessiyada əsas müzakirə mövzularından biri Ukrayna böhranı və regional münaqişələrdir

Bakıda ATƏT Parlament Assambleyasının 23-cü sessiyası açılıb.

Açılış mərasimində prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç sessiyanı açıb.

Prezident İlham Əliyev bildirib ki, Avropa ilə əməkdaşlıq Azərbaycan üçün prioritetdir. Bu zaman prezident Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin başladığını yada salıb.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Dövlət başçısı beynəlxalq təşkilatların qərarlarından danışarkən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı indiyədək həyata keçirilməyən sənədləri diqqətə çatdırıb. “BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, elə qətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir”.

O deyib ki, Azərbaycan 20 ildir erməni təcavüzündən əziyyət çəkir. “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir, erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb”.

BMT-nin, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına istinad edən Əliyev Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirib. “Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur. Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb”, o qeyd edib.

Prezident etimadın bərpa olunması üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmasının vacibliyini bildirib.

Ölkə başçısı demokratiya və insan hüquqlarından danışarkən deyib ki, Azərbaycanda fundamental azadlıqlar təmin edilib. “Siyasi və iqtisadi islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir”, çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident Əliyev Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunduğunu deyib. “İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir. Biz qısa müddətdə müasir, özünə arxalanan dövlət yarada bildik. Bununla belə, yaxın gələcəkdə bir çox işlər görməliyik”,

Dövlət başçısı Azərbaycanda etnik, dini ayrı-seçkilik olmadığını bildirib. “Biz dünyada təcrid edilmə, ayrı-seçkilik görürük. Azərbaycan bu sahədə nümunəvi ölkədir”.

Dövlət başçısı həmçinin ölkə iqtisadiyyatının sürətli inkişafından, təhsil sahəsində islahatlardan danışıb.

O enerji təhlükəsizliyi və kəmər siyasətindən danışarkən deyib ki,

Azərbaycan hər hansı bir marşrutdan asılı deyil. “Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır. Trans-Anadolu, Trans-Adriatik, “Şahdəniz” layihələri həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək”, o qeyd edib.

APA agentliyinin məlumatında isə deyilir ki, ATƏT-in fəaliyyət olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter sessiyasının açılış mərasimində deyib ki, sərhədlərin bölünməzliyi, təhlükəsizlik, insan hüquqları ATƏT üçün prioritetdir. “ATƏT Ukrayna böhranında bir tərəf deyil, əsas tərəfləri bir araya gətirir ki, müzakirə aparsınlar. Hazırda qütbləşmə var, ATƏT isə Avropa təhlükəsizliyində bir körpüdür”.

D.Burkhalter ATƏT-in Monitorinq Missiyasının Ukraynada 57 üzv dövlətin razılığı ilə təşkil edildiyini bildirib: “ATƏT Ukraynada böhranın nəzarət altına alınmasında çox mühüm rol oynayıb. Münaqişə olan yerdə şəffaflıq çox vacibdir, müəyyən çıxışlar gərginliyin artmasına gətirib çıxara bilər. Monitorinq keçirən əməkdaşlarımızdan 4-ü buraxılıb, digər 4-ü isə hələ də azadlıqda deyil”.

ATƏT-in fəaliyyət olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter
ATƏT-in fəaliyyət olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter

D.Burkhalter Ukrayna prezidenti Pyotr Poroşenkoya ATƏT-in sülh planının həyata keçirilməsində iştirak etməyə hazır olduğunu bildirdiyini açıqlayıb. “Mən Ukrayna prezidentinin atəşkəsi uzatmaq barədə qərarını alqışlayıram. Məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Böhran Ukraynanın qəlbinə nüfuz edib, insanların həyatına dağıdıcı təsir göstərib. İnsan hüquqlarının kobud surətdə pozulmasına səbəb olanları cəzalandırmaq lazımdır. Ancaq ilk növbədə sülh bərqərar olunmalıdır”.

D.Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu vurğulayıb. “Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolu artacaq. İştirakçı dövlətlər birgə fəaliyyət göstərməlidir. Çünki dövlətlərin mövqeyində fərqlər var. Hər halda inam və etibarın az olması nəticəsində belə böhran yaranıb. Səylərimizi davam etdirməliyik ki, Ukrayna böhranı həll olunsun”.

D.Burkhalter deyib ki, ATƏT-in 40 ildir, əsas məqsədi əməkdaşlıqdır.

O, Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı dövlət başçıları səviyyəsində danışıqların bərpa olunmasını alqışladıqlarını, vətəndaş cəmiyyəti təmsilçilərinin prosesdə iştirakını dəstəklədiklərini bildirib.

Sessiya 5 gün davam edəcək. Sonda Bakı Bəyannaməsi qəbul ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG