Accessibility links

ATƏT sədri və Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edib


ATƏT-bayraq
ATƏT-bayraq

ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edib. ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 27-də Polşanın Krakov şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələrdən narahat olduğunu bildirib.

APA agentliyi ATƏT-in saytına istinadən bildirir ki, İ. Daçiç tərəfləri atəşkəsə tam riayət etməyə və 1994-cü ilin mayında imzalanmış atəşkəs sazişində müəyyən olunduğu kimi, hərbi qarşıdurmanı dayandırmağa çağırıb: “İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənirəm, tərəfləri məsuliyyət nümayiş etdirməyə, gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.

İ. Daçiç qeyd edib ki, yalnız prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq zəruridir: “2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri arasında Soçidə, Nyuportda və Parisdə olan görüşlər doğru istiqamətdə müsbət addımlar idi. ATƏT birbaşa təmasları asanlaşdırmağa çalışır, lakin tərəflər də öz növbələrində komandanlıqlarını yuxarı pillədən aşağı pilləyədək atəşkəsə riayət etməyə məcbur etməlidirlər. Mən xüsusi nümayəndə Anjey Kaspşikə dəstəyimi ifadə edirəm. Ona birbaşa təması asanlaşdırmaq tapşırılıb və o, tərəflərin də yardımı ilə daha çox sülhyaradıcı tədbirlər hazırlayır. Mən həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəkləyirəm”.

ATƏT-in fəaliyyətdə olan sədri tərəfləri ATƏT-in bütün vasitələrindən yararlanmağa, yekun və dinc nizamlanma üçün tədbirli addımlar atmağa çağırıb.

ATƏT-in baş katibi Lamberto Zanier də bu bəyanatı dəstəkləyib və tərəfləri ATƏT-in Minsk Qrupu tərəfindən aparılan siyasi prosesə yenidən qoşulmağa səsləyib.

Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri nazir Elmar Məmmədyarovla görüşdən sonra birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, həmsədrlər qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı narahatlıqlarını ifadə edilib: “İlin əvvəlindən başlayan gərginlik etimadın bərpası və Dağlıq Qarabağ danışıqlarında irəliləyiş naminə dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla həlli üçün öz öhdəliklərini yerinə yetirməyə, həmçinin Ermənistanı gərginliyin qarşısının alınması üçün lazımi addımlar atmağa çağırırıq. Tərəflər atəşkəs müqaviləsinin şərtlərinə təmkinlə yanaşmalıdır. Zorakılıq sülh naminə göstərilən səylərin üstündən xətt çəkir”.

Həmsədrlər bildirir ki, Elmar Məmmədyarovla görüşdə nizamlanma prosesində növbəti mümkün addımlar, o cümlədən yekun sülh sazişinə aparan danışıqlar müzakirə edilib: “Biz nazirə öz mandatımızı xatırlatdıq. Danışıqlar prosesinə, həmsədrlər və ATƏT müşahidəçilərinin fəaliyyəti ilə bağlı səslənən tənqidlərdən narahat olduğumuzu bildirdik. Biz cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən arzuolunmaz insidentlərin qarşısını almaq üçün tədbirlərin əhəmiyyətini vurğuladıq. Həmçinin BQXK himayəsi altında əsir və itkin düşənlər barədə məlumat mübadiləsinin təşkili ilə bağlı müzakirələr apardıq”.

APA agentliyinin məlumatına görə, həmsədrlər yaxın günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüşməyi planlaşdırırlar. Sonra onların regiona səfəri nəzərdə tutulur.

XS
SM
MD
LG