Accessibility links

Azərbaycan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək


ATƏT-bayraq
ATƏT-bayraq

Azərbaycan xarici işlə naziri Elmar Məmmədyarov ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak etmək üçün İsveçrəyə gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər çərçivəsində nazir Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, bir sıra ikitərəfli görüşləri və ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü olacaq.

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının dekabr 4-5-də keçiriləcək illik iclasında 57 ölkəni təmsil edən nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Ötən gün təşkilatın mənzil-qərargahı bəyan edib ki, nazirlər əvvəlki addımlar üzrə tərəqqini qiymətləndirəcək, siyasi, hərbi, iqtisadi, ekoloji, humanitar təhlükəsizlik üzrə yeni öhdəliklərə dair qərarlar qəbul edəcəklər.

Nazirlər Şurası Yeni Avropa (1990) üçün Paris Xartiyasında “Xarici İşlər Nazirlərinin Şurası” orijinal adı altında yaradılıb və 1992-ci ildə münaqişələrin qarşısının alınması və böhranların idarə olunması sahəsində daha çox səlahiyyətlər əldə edib. 1994-cü il Budapeşt sənədi onun əsas rolunu qeyd edərək “Nazirlər Şurası” adlandırıb.

İkigünlük Şura hər ilin sonunda və hər sədrliyin yekun mərhələsində keçirilir. Şura ATƏT çərçivəsində ali səviyyədə görüşlər arasında qərarların qəbulunun əsas formatı kimi çıxış edir, təhlükəsizlik və digər məsələlər üzrə çoxtərəfli və ikitərəfli danışıqlarda iştirak etmək üçün nadir imkanlar yaradır.

İclasının gündəliyinin qrafikinin sərt olacağı gözlənilir.

XİN-lərin sammiti ərəfəsində əsas diqqət “Helsinki + 40” adlanan layihənin müzakirəsinə yönəlib. Bu sənəd 2013-cü ildə Kiyevdə ATƏT ölkələri xarici işlər nazirləri tərəfindən imzalanıb. Məqsəd Helsinki Aktının imzalanmasından 40 il sonra təşkilatın səmərəliliyinin artırılmasıdır.

“Helsinki + 40”ın imzalanması 2015-ci ilə planlaşdırılır və onun müddəaları suveren bərabərliyin fundamental prinsiplərini, suverenlik hüquqlarına hörməti, güc və ya güc barədə təhdidin olmamasını, həmçinin sərhədlərin pozulmazlığını, eləcə də terrorizm, narkobiznesə, mütəşəkkil cinayətkarlığa, insan hüquqlarının pozulmasına qarşı mübarizəni gücləndirməlidir.

Diplomatik mənbələrin məlumatına görə, ATƏT-də sədrlik edən İsveçrə böhranların aradan qaldırılması yollarının operativ axtarışı üçün nüfuzlu siyasətçilərdən ibarət “Müdriklər qrupu”nun yaradılması təşəbbüsü ilə çıxış edəcək.

Sammitdə prioritet məsələlər arasında Avropanın Rusiya ilə münasibətləri, Ukrayna ətrafında hadisələr,regional münaqişələr, o cümlədən Qarabağ münaqişəsinin müzakirəsi var. İclas çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

ATƏT-də problemlərlə yanaşı uğurlardan da danışılacaq ki, bunlardan biri keçmiş Yuqoslaviya respublikaları Bosniya və Herseqovina, Çernoqoriya, Xorvatiya, Serbiya arasında silahlara nəzarət haqqında saziş olacaq. Saziş 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG