Myanmanın de-fakto-lideri Aung San Suu Kyi ölkənin Raxine ştatında zorakılıqlar nəticəsində son həftələr 400 min etnik Rohinca qaçqının qonşu Banqladeşə qaçmasına səbəb olmuş böhranla əlaqədar uzun müddətdir gözlənilən nitqlə çıxış edəcək.
Rohinca militantları avqust ayında Myanma təhlükəsizlik qüvvələrinə hücum edib. O vaxtdan bəri təhlilçilər və insan haqları müdafiəçilərinin bildirdiyinə görə, Myanma hərbi qüvvələri bütöv kəndləri yandıraraq, qaçan qadın və uşaqları qəddarcasına qətlə yetirib.
Nobel Sülh mükafatı laureatı olan Aung San Suu Kyi vəziyyətlə bağlı mövqeyini bildirməyinə görə beynəlxalq miqyasda tənqidlərlə qarşılaşıb. O, vətənində mövcud böhranın ünvanlanması ilə əlaqədar bu həftə BMT-nin Baş Assambleyasında iştirakını təxirə salıb.
Britaniyanın baş naziri Boris Conson BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində məsələnin ünvanlanması ilə bağlı narahatlıq bildirən ölkələrin nümayəndələri ilə görüşüb. ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli, eləcə də Myanmanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri və xarici işlər nazirinin müavini, eləcə də Banqladeş, İndoneziya, Türkiyə, Avstraliya, Kanada, İsveç və Danimarkanın da nümayəndələri görüşdə iştirak ediblər.
Onlar BMT də daxil olmaqla humanitar yardım agentliklərinin fəaliyyəti üçün tam imkan verilməsinə və zorakılığın dayandırılmasına çağırıb.
Aung San Suu Kyi böhranla bağlı nitqini ingilis və birma dillərində edəcək.
Tibetin dini lideri Dalay Lama, Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutu və pakistanlı fəal Malala Yusifzai da daxil olmaqla bir sıra Nobel Sülh mükafatı laureatları Aung San Suu Kyini məsələyə şəxsən müdaxilə edib zorakılıqlara son qoymağa çağıran bəyanatlarla çıxış ediblər.