Accessibility links

Avstraliyada COVID nəticəsində gündəlik ölüm hallarında yeni rekord rəqəm qeydə alınıb


Avstraliyada koronavirusun sürətlə yayılan omikron variantı bir gündə COVID-19-dan ən yüksək ölüm sayına səbəb olub.

Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, çərşənbə axşamı COVID-19-dan 74 ölüm halı qeydə alınıb və ölüm halları Avstraliyanın ən sıx məskunlaşdığı üç ştatda baş verib: Yeni Cənubi Uelsdə 36, Viktoriyada 22 və Kvinslenddə 16 ölüm halı.

Yeni ölüm rekordu Avstraliya xəstəxanalarının ağır həddə yüklənməsinə gətirib çıxaran yeni COVID-19 xəstələrinin rekord sayı ilə üst-üstə düşür. Viktoriya ştatının rəsmiləri paytaxt Melburndakı xəstəxanalar və bir sıra regional xəstəxanalar üçün "qəhvəyi şifrə" fövqəladə vəziyyəti tətbiq edib. Sərəncamda xəstəxanalar təcili olmayan prosedurları təxirə salmağa və məzuniyyətdə olan işçiləri geri qaytarmağa və ya onlardan planlaşdırılan məzuniyyətləri təxirə salmağı istəməyə çağırılır.

Federal Səhiyyə Naziri Qreq Hant çərşənbə axşamı jurnalistlərə bildirib ki, hökumət Avstraliyanın pandemiyanın ən çox təsirinə məruz qalan ərazilərinə özəl xəstəxanalardan 50,000-dən çox tibb bacısı və 100,000 tibb işçisini göndərmək üçün təcili planı işə salır. Plana əsasən, hökumət milli tibbi ehtiyatlardan istifadə etməyə və hər hansı çatışmazlıq olduğu halda ştatlar və ərazilər üçün fərdi qoruyucu vasitələrin təmin edilməsinə çağırılır.

Bu arada, ölkədə bazar ertəsi 20 mindən çox yeni COVID-19-a yoluxma halı qeydə alındığı üçün Yaponiya rəsmilərinin Tokioda və bir sıra digər prefekturalarda yeni məhdudiyyətlər tətbiq etmək planını yekunlaşdırdığı bildirilir. Kyodo xəbər agentliyi qərbdə Osaka prefekturasının çərşənbə axşamı koronavirusa gündəlik rekord sayda 6 min yeni yoluxma halını qeydə aldığını bildirib. Bu həftənin sonunda açıqlanması gözlənilən yeni məhdudiyyətlərə bar və restoranlar üçün daha qısa iş saatları və ictimai yerlərdə iştirakın məhdudlaşdırılması daxildir.

XS
SM
MD
LG