Avstraliya Sakit Okeanın cənubundan adada sığınacaq tapmaq üçün qayıqlarla gələn qaçqınlarla pis davranmaqda ittiham edilir. Baş verənləri sənədləşdirmək üçün Amnesty International və Human Rights Watch təşkilatlarının Nauruya gizli gedən işçiləri Avstraliyanın maliyyələşdirdiyi təcridxanadakı şəraitlə bağlı hesabat hazırlayıb. Hökumət isə hələ bu ittihamlara münasibət bildirməyib.
Qayıqlarla Avstraliyaya sığınacaq üçün gedənlər Sakit Okeanın cənubundakı kiçik Papua Yeni Qveneya və Nauru respublikalarına göndərilir. Kanberra hökuməti siyasətinin dənizdəki insanların həyatlarının xilasına yönəldiyini təkid edirdi. Lakin insan haqları qruplarının hazırladığı hesabatda deyilir ki, Naurudakı qeyri-insani rəftar Avstraliyaya gələcəkdə qayıqlarla gələ bilən insanların qarşısının alınması üçün əvvəlcədən düşünülən plandır.
Anna Nistat Amnesty International-ın Təhqiqat Bürosunun direktorudur. “Nauruda gördüklərimi mən qəsdən və sistematik şəkildə edilən zorakılıq kimi təsvir edə bilərəm. Söhbət ayrı-ayrı fərdlərdən getmir, biz ümumiyyətlə baş verənlərdən danışırıq. Mənim fikrimcə Avstraliya hökuməti baş verənlərin gizli qalmasına o qədər də çalışmır və bu, gələcəkdə ölkəyə qayıqlarla gələn qaçqınların qarşısının alınması üçün edilir.”
Nistat Nauruya Human Rights Watch-n vəkili ilə gizli getmişdi. Amnesty International-ın dediyinə görə, təşkilat Avstraliyanın maliyyələşdirdiyi təcridxananı ziyarət etmək üçün 2012-ci ildən bəri 6 dəfə müraciət edib və həmişə yox cavabı alıb. Təşkilatın irəli sürdüyü ittihamlara yerli xalq tərəfindən qaçqınlara qarşı zorakılıqlar və onlara tibbi yardım göstərilməsindən imtina edilməsi də daxildir.
Insan haqları qrupları Avstraliyaya sığınacaq üçün gələn və Nauruya köçürülən, Əfqanıstan, İraq, İran və Pakistandan olmaqla, 1200 qaçqından 80-dən çoxu ilə söhbət edib. Onların çoxuna sığınacaq verilib və onlar Naurudakı icmada yaşayır.
Avstraliyanın İmmiqrasiya və Sərhəd Mühafizə Nazirliyinin sözçüsü hesabatla bağlı Amnesty International təşkilatı ilə müzakirələr aparılmadığnı bildirib.
Keçən ay həkimlərdən ibarət bir qrup mühacirələrin saxlanma şəraiti barədə məlumat verməsin deyə, məxfilik qanununa tabe tutulmuşdu. Qaçqınlar Üçün Həkimlər təşkilatı bunun siyasi kommunikasiya azadlığı qanununa zidd adlandıraraq, məhkəməyə müraciət edib. Hazırda şikayətə Avstraliyanın Ali Məhkəməsində baxılır.