Avstraliya rəsmilərinin bildirdiyinə görə, ektremist İslam Dövləti qrupuna qoşulmaq üçün Yaxın Şərqə səfər etmək istəyən 7 nəfər həbs edilib.
Ölkənin baş naziri Toni Abbott bu gün gənc avstraliyalıların ölkəni tərk etmək istəyərkən aeroportda saxlandığını desə də, onların adları, cinsləri, aid olduqları qrup haqda detallı məlumat verməyib.
İmmiqrasiya və sərhəd mühafizəsi naziri Piter Datton da avqust ayının 12-i Sidney beynəlxalq hava limanındakı insidenti təsdiq edib, lakin terrorla bağlı araşdırmaların aparıldığı barədə heç nə deməyib.
Avstraliyanın gündəlik "Telegraph" qəzeti Sidney şəhərindən olan terrorçu dəstəsinin 5 üzvünün avqust ayının 12-də İraq və Suriyaya getməyə cəhd edərkən ələ keçirildiklərini yazmışdı.
Adı məxvi saxlanılan kəşfiyyat idarəsi rəsmisinə istinadən bildirilib ki, hər birində 10 min dollar nəğd pul olan gənclər ilkin dayanacaq olacaq Malayziyaya uçarkən ələ keçirilib.