Accessibility links

Avstriya Fələstinə yardımı dayandırıb


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölkələri Qəzzada yardıma çox ehtiyacı olan köçkünlərə maliyyələşdirməni bərpa etməyə çağırdıqdan bir gün sonra Avstriya BMT-nin Fələstinə Yardım Agentliyinə əlavə maliyyəni dayandıran sonuncu ölkə olub.

Avstriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, BMT-nin Fələstinə Yardım Agentliyi (UNRWA) kimi tanınan təşkilatı və BMT-ni HƏMAS-ın oktyabr ayında İsrailə hücumu zamanı onlarla yardım işçisinin rolu ilə bağlı "iddialara dair hərtərəfli, sürətli və tam araşdırma aparmağa" çağırıb.

UNRWA-nı təxminən 60%-ni maliyyələşdirən azı 10 digər ölkə maliyyəni dayandırıb. Bu ölkələrə ABŞ, Avstraliya, Britaniya, Kanada, Finlandiya, Almaniya, İtaliya, Yaponiya, Niderland və İsveçrə daxildir.

Norveçin bazar günü bildirdiyinə görə, iddialarla bağlı narahatlıqlarını bölüşsə də, agentliyə maliyyələşdirməni davam etdirəcək.

Norveçin xarici işlər naziri Espen Bart Eyde X səhifəsində "BMT-nin Fələstinə Yardım Agentliyi (UNRWA) Qəzzada, eləcə də bütün bölgədə dərin sıxıntı içindəki milyonlarla insan üçün xilasdır" deyə, bildirib.

Quterreş UNRWA-ya adekvat maliyyə ayrılmazsa, Qəzzada 2 milyondan çox fələstinliyə verilən yardımın cümə axşamı, fevralın 1-də azalacağı barədə xəbərdarlıq edib.

Quterreş açıqlamasında "Bu heyət üzvlərinin iddia edilən iyrənc hərəkətlərinin nəticələri olmalıdır" deyib və onların cinayət təqibi ilə üzləşə biləcəyini bəyan edib. Yardım işçilərindən 9-u dərhal işdən çıxarılıb, birinin öldüyü təsdiqlənib, digər iki nəfərin kimliyi rəsmilər tərəfindən dəqiqləşdirilir.

Forum

XS
SM
MD
LG