İyulun 4-5-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Nəqliyyat Departamentində "Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan arasında vahid aviasiya məkanına dair Saziş" üzrə danışıqların ikinci mərhələsi keçirilib.
Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən APA agentliyinə verilən məlumata görə, danışıqlarda Azərbaycan tərəfdən adıçəkilən qurumun direktoru Arif Məmmədov iştirak edib.
Görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib.
Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıb.
Danışıqların növbəti - 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb.
"Vahid aviasiya məkanı haqqında Saziş" layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan ilə Aİ arasında "Əməkdaşlıq və tərəfdaşlıq haqqında" yeni sazişin imzalanması gözlənilir", - deyə A. Məmmədov bildirib.
Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək.