Accessibility links

Avropa Birliyi liderləri koronavirusun məhv etdiyi iqtisadiyyatı canlandırmağa çalışır


Avropa Birliyi liderləri koronavirusun səhiyyə sistemlərinə və ittifaq daxilində təxminən yarım milyard vətəndaşın həyatına vurduğu ziyanı ölçməyə və məhv olan iqtisadiyyatı canlandırmaq üçün daha sağlam plan hazırlamağa çalışırlar.

Bəzi Avropa ölkələrində bizneslərin qapılarını ehtiyatla açdığı və vətəndaşların küçəyə çıxmağa başladığı bir vaxt 27 ölkənin liderləri qarşıdan gələn bir neçə həftə ərzində təqdim edəcəkləri bir sıra təcili xərclər və bərpa planlarını müzakirə edəcək.

Bu zirvə toplantısı iki ay əvvəl İtaliyanın şimalında baş qaldıran koronavirusa yoluxma hallarından bəri keçirilən dördüncü video-konfransdır. Sammit Avropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin 100.000-dən çox avropalının öldüyünü bildirdiyi son dərəcə həssas bir zamanda keçirilir.

Üzv ölkələr arasında etimad yoxa çıxıb. Belə ki, virusun ən çox zərər vurduğu İtaliya və İspaniya Aİ-nın şimalında virusun təsirinə daha az məruz qalan Avstriya, Niderland və Almaniya kimi daha zəngin ölkələrin real iqtisadi güclərinə əsaslanan cəld və genişmiqyaslı tədbirlər görəcəklərinə inanmırlar.

Görüşdən əvvəl Almaniya parlamenti önündə çıxış edən kansler Angela Merkel hökumətinin ağır vəziyyətdə olan tərəfdaşlarına kömək etməyə hazır olduğunu və cümə axşamı təsdiqlənəcəyi gözlənilən 540 milyard avroluq (587 milyard dollar) xilasetmə paketinə artıq pul ayırdığını deyib.

Məqsəd iyunun 1-dək itirilən maaşları ödəyəcək, şirkətləri ayaqda tutacaq və səhiyyə sistemini maliyyələşdirəcək "maddi təminatlar" yaratmaqdır.

XS
SM
MD
LG