Accessibility links

Avropa İttifaqı Azərbaycanla saziş layihəsinin paraflanmasını təklif edib


Elmar Məmmədyarov və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhey
Elmar Məmmədyarov və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhey

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş layihəsinin 2020-ci ilin iyununda keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq, tədbir zamanı paraflanması təklifi irəli sürülüb.

Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, bu təklif fevralın 18-də xarici işlər naziri Elmar Məmmədyarov və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhey arasında görüş zamanı irəli sürülüb.

Komissar Varheyli Aİ ilə Azərbaycan arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə edib.

Məlumatda deyilir ki, tərəflər ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunub.

Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparılıb.

Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib
Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib

Azərbaycn və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edilib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Rəsmi məlumatlara görə, 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 % (4.730 milyard ABŞ dolları) təşkil edib. Aİ Azərbaycanın ixracda 45.87% idxalda isə 27.89% payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz olmuşdur (ümumi ixracın 98%).

Cənub Qaz dəhlizi layihəsi ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək. Belə ki, layihəyə əsasən qaz kəməri vasitəsi ilə ilkin mərhələdə Avropa ölkələrinə ildə 10 milyard kubmetr qaz nəql edəcək.

XS
SM
MD
LG