Accessibility links

Avropa İttifaqına münasibətdə fərqli fikirlər


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 5-də Stokholmda “Şərq Tərəfdaşlığı üçün yeni siyasi baxış” mövzusunda yüksək səviyyəli nazirlər seminarında çıxış edib. Məmmədyarovun çıxışında irəli sürdüyü tezislər ölkədə birmənalı qarşılanmır. Müxalifət və müstəqil eksperltər nazirin çıxışına fərqli mövqedən yanaşır.

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə tərəfdaşlıq ölkələrin ehtiyac və istəklərinə əsaslanmalıdır

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) qonşuluq siyasətində yanaşmalara yenidən baxmasını və “bir ölçü hamıya uyğundur” prinsipindən imtina etməsini alqışlayıb.

Bu barədə Məmmədyarov yüksək səviyyəli nazirlər seminarında bildirib.

O, Aİ-nin tərəfdaşlarına qarşı fərqləndirmə konsepsiyasına keçməsini müsbət qiymətləndirib. Bu, ölkələrin ehtiyac və istəklərinə əsaslanmalıdır.

Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarov, Azərbaycan xarici işlər naziri

“Ölkələrin öz seçimləri olmalıdır, Aİ-nin seçimi yox,” o qeyd edib və deyib ki, Azərbaycan Aİ-dən “spesifik və fərqləndirilmiş gündəlik” üzrə təkliflər gözləyir.

Azərbaycan Aİ-dən “spesifik və fərqləndirilmiş gündəlik” üzrə təkliflər gözləyir.
Elmar Məmmədyarov, xarici işlər naziri


Geostrateji mövqe və regional təhlükələr nəzərə alınmaqla, hər tərəfdaşın müxtəlif inkişaf strategiyası və baxışları olmalıdır. Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri arasında Aİ-nin ən böyük investorudur, ancaq heç zaman xüsusi prioritet statusa iddia etməyib, nazir deyib.

Sonra o, Qarabağ münaqişəsinə toxunub.

“Bir ölkə digər ölkənin ərazilərinin 20%-i işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz,” Məmmədyarov davam edib.

“Azərbaycan kiber təhlükəsizlik, enerji infrastrukturunun təhlükəsizliyi, habelə radikallaşmanın, həll olunmamış münaqişələrin, zorakı ekstremizm və terrorizmin qarşısının alınması və onlara qarşı mübarizənin aparılması kimi hibrid təhdidlərdən yaranan təhlükəsizlik problemlərinin həllində səylərini müəyyənləşdirmək və genişləndirmək üçün Avropanın geniş Xəzər dənizi və Orta Asiyaya açılan qapısıdır. Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır,” o bildirib.

“Şərq Tərəfdaşlığı”nın perspektivlərindən danışan nazir deyib ki, Azərbaycan fərdi yanaşmaya üstünlük verir.

Azərbaycan təbii qaz tədarükçüsüdür, bu, Aİ üçün ideal keçid yanacağı ola bilər. “Aİ-yə gedən qaz kəmərimiz Aİ-nin iqlim siyasətinin məqsədlərinə birbaşa töhfədir,”Məmmədyarov vurğulayıb.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayılova: Azərbaycan Avropa Birliyi ilə münasibətləri qurban verməyə hazırdır

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə bildirib ki, nazirin çıxışı Azərbaycan hökumətinin Avropa Birliyi ilə hərtərəfli saziş üçün heç nəyi dəyişməyə hazır olmadığını göstərir.

Azərbaycan hökuməti tələb olunan dəyişiklikləri qəbul etmək niyyətində olmadığını bir daha göstərir və deyir ki, biz yalnız öz dediyimiz sahələrdə əməkdaşlıq etməyə hazırıq.
Xədicə İsmayılova, araşdırmaçı jurnalist


“Onlar sadəcə Avropa Birliyinin şərtlərini qəbul etməkdən imtina edirlər və bunun üçün Avropa Birliyi ilə münasibətləri qurban verməyə də hazırdırlar. Çünki Avropa Birliyi müəyyən məsələlərdə kifayət qədər sərt mövqe tutur. Azından Avropa Birliyinin parlament strukturları bu mövqeni açıqlayır. Yəni Azərbaycan hökuməti tələb olunan dəyişiklikləri qəbul etmək niyyətində olmadığını bir daha göstərir və deyir ki, biz yalnız öz dediyimiz sahələrdə əməkdaşlıq etməyə hazırıq. O sahələrdə də imitisaiyadan başqa bir dəyişiklik yoxdur və gözlənilmir,” İsmayılova qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Hakimiyyət insan haqları ilə bağlı öhdəlik götürmək istəmir

ReAL Partiyasının icra katibi Natiq Cəfərlinin fikrincə, nazir Məmmədyarovun münasibəti yenilik deyil.

“Əslində, nazirin çıxışı Azərbaycan hakimiyyətinin nümayəndələrinin çox uzun illərdir mövcud olan mövqeyini əks etdirir. Mövqe belədir ki, sazişi imzalamaq istəyirik, sazişin üstünlüklərindən istifadə etmək istəyirirk, amma məsuliyyətdən də yayınmağa çalışmalıyıq. Azərbaycan hakimiyyəti çalışır ki, sazişi imzalayarkən insan haqları, demokratiya, seçkilər, investisiyalar, ticarət və açıq səma müqavilələri ilə bağlı məsələlərdə üzərinə öhdəliklər götürməsin. Bununla bağlı münasibətlərdə Avropa Birliyi demək olar ki, dalana dirənib. Avropa Birliyinin son açıqlamaları da göstərir ki, fərqli yanaşmalar mümkündür, amma bu fərqli yanaşmalar bağlanacaq müqavilələrin statusuna da təsir edəcək və Azərbaycanla daha aşağı statuslu müqavilə bağlanacaq ki, bu da Azərbaycan xalqı üçün yaxşı nəticələrə gətirib çıxara bilməz. Çünki öhdəliklərin olması, Azərbaycan hakimiyyətinin məsuliyyət hissinin formalaşması çox önəmli məsələlərdən birirdir. Amma Azərbaycan hökuməti enerji, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa hazırdır. Daim bunu bəyan edir, amma digər sahələrdə əməkdaşlıqla bağlı məsələlərdə daha çəkinəcəkli davranır. Bu da aydındır. Azərbaycan Avropa Şurasına qəbul olunarkən də öhdəliklər götürmüşdü və bu öhdəliklərin bir çoxunu bu günədək yerinə yetirmir. Bəzi öhdəliklərlə bağlı isə ümumiyyətlə iş görmür. Məsələn, Bakı şəhərinin mer institutunun yaradılması ilə bağlı öhdəliklə bağlı heç bir addım atılmayıb. İndi Avropa İttifaqı ilə daha ehtiyatlı davranaraq heç bir ciddi öhdəlik götürmək istəmir ki, gələcəkdə buna görə hər hansı problem yaşamasın,” o qeyd edib.

Azərbaycanla daha aşağı statuslu müqavilə bağlanacaq ki, bu da Azərbaycan xalqı üçün yaxşı nəticələrə gətirib çıxara bilməz. Çünki öhdəliklərin olması, Azərbaycan hakimiyyətinin məsuliyyət hissinin formalaşması çox önəmli məsələlərdən birirdir.
Natiq Cəfərli, ReAL Partiyasının icra katibi

Natiq Cəfərli hesab edir ki, Ermənistanda baş verən proseslər Azərbaycana da təsir göstərir.

“Çünki, Ermənistan işğalçı olmasına, torpaqlarımızı işğal etməsinə, aqressiv olmasına baxmayaraq, bir imic dəyişikliyinə gedir və ritorikalarını da dəyişir, özlərini demokratik bir ölkə, cəmiyyət kimi təqdim edirlər. Bunun da Qarabağ münaqişəsində onlara üstünlük qazandıracağını düşünürlər. Ona görə, Azərbaycan hökuməti də vaxtında bu çağırışlara cavab verməyi bacarmalı və ölkədəki demokratik proseslərin sürətlənməsinə rəvac verməlidir. Ermənilərin indiki taktikası budur ki, onlar guya Dağlıq Qarabağ məsələsində kompromisə də gedə bilərlər. Amma Azərbaycanda demokratiya, seçki, insan azadlıqları ilə bağlı problemlər var. Ona görə də erməni icmasının orada təhlükəsiz yaşayacağına inanmırlar. Ermənistanın yeni taktikasına cavab vermək üçün Azərbaycanda siyasi məsələlərdə, insan hüquq və azadlıqları ilə bağlı müəyyən irəliləyiş əldə edilməlidir. Seçki məsələsi ilə bağlı ciddi irəliləyişlər olmalıdır ki, ermənilərin qurduğu yeni oyuna cavab olsun. Bu çərçivədə Elmar Məmmədyarovun çıxışını anlaşılan qarşılayıram. Amma əməli proseslər də olmalıdır ki, Ermənistanın qurduğu bu, yeni taktikadan Azərbaycan uduşlu çıxa bilsin.”

O hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində müqavilənin imzalanması lazımdır və hətta labüddür.

“Ona görə də müqavilənin imzalanması irəliyə doğru atılmış bir addım olacaq. Bizim isə müxalifət və vətəndaş cəmiyyəti olaraq mövqeyimiz belə olmalıdır ki, müqavilədə Azərbaycan hökumətinin üzərinə öhdəliklər qoyulsun və öhdəliklərin yerinə yetirilməsi mexanizmində müddəalar açıq-aydın olsun,” ReAL-ın icra katibi Amerikanın Səsinə müsahibəsində deyib.

Əhməd Əlili
Əhməd Əlili

Əhməd Əlili: Danışıqların iqtisadi komponenti çox çətin şəraitdə davam edir

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili Amerikanın Səsinə deyib ki, “bir olçünün hamıya uyğun olmaması" ilə bağlı tezis çoxdan gündəmdədir.

“Aİ-Azərbaycan danışıqları da bu prinsip üzərində qurulub. 2015-ci ildə “Şərq Tərəfdaşlığı”nın Riqa Sammitindən sonra hamıya bərabər yanaşma qəbul olunmur. Aİ-Azərbaycan münasibətlərinin hal-hazirda irəli aparılmasında açar məqam Azərbaycanın Dünya Ticarət Təşkilatına (WTO) üzvlüyü məsələsidir. Azərbaycan WTO çərçivəsində Ermənistanı iqtisadi blokadada saxlaya bilməyəcəyini düşünür, ona gorə də bu razılaşmanı bir qədər daha spesifik etmək istəyir.”

İnsan hüquqları və demokratiya ilə bağlı məsələlərdə razılıq əldə olunsa da, danışıqların iqtisadi komponenti çox çətin bir şəraitdə davam edir. Avropa Azərbaycan bazarına davamlı daxil olmaq istəyir və WTO üzərində ciddi durub.
Əhməd Əlili, ekspert

Ekspertin firkincə, Aİ-nin istəyi Azərbaycan bazarına hər hansi bir maneə olmadan daxil olmaqdır.

“İnsan hüquqları ve demokratiya ilə bağlı məsələlərdə razılıq əldə olunsa da, danışıqların iqtisadi komponenti çox çətin bir şəraitdə davam edir. Avropa Azərbaycan bazarına davamlı daxil olmaq istəyir və WTO üzərində ciddi durub. Azərbaycan isə strateji tərəfdaşlıq məsələlərinə üstünlük verir. Azərbaycan bu qismdə özünü daha uğurlu görür. Avro-Atlantik icma təmsilçiləri daim Azərbaycandan strateji tərəfdaş kimi razı olublar, indi isə iqtisadi əməkdaşlığı artırmaq niyyətindədirlər.

Cənab Məmmədyarovun fikirlərinin bu kontekstdən başa düşülməsi daha düzgün olardı,” o qeyd edib.

Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqı ilə əməkdaşlığın tarixçəsi

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG