Accessibility links

Avropa liderləri immiqrasiya ilə bağlı razılıq əldə etməyib


Avropa liderlərinin Brüsseldə keçirdiyi sammiti başa çatıb. Onlar Britaniyanın Avropa İttifaqından ayrılmaq danışıqlarının ikinci mərhələsinə keçməyə hazır olduğuna qərar versə də, immiqrasiya məsələləri ilə bağlı heç bir razılıq əldə olunmayıb.

Avropa Şurasının lideri Donald Task iki-günlük sammit zamanı əsas diqqəti immiqrasiyaya yönəldib. O cümə günü deyib ki, Avropa liderlərinin iyun ayınadək qaçqınların qəbuluna dair yeni siyasət ilə bağlı danışıqlarda kompromis əldə etmələri “çətin görünür.”

Məcburi kvotalar mübahisəli məsələ olaraq qalır, amma gərginlik çox azalıb.”, deyə Task sammitin sonunda keçirilən mətbuat konfransı zamanı bildirib.

“Kompromis mümkündürmü? Çox çətin,” o deyib.

Avropa Şurasının prezidenti Donald Task
Avropa Şurasının prezidenti Donald Task

İmmiqrasiya ilə bağlı fikir ayrılığı

Rəsmilər deyir ki, Avropa İttifaqı liderləri cümə axşamı immiqrasiya ilə bağlı iki saat davam edən gərgin danışıqlardan sonra məsələ ilə bağlı müzakirələri cümə günü də davam etdirib.

“Danışıqlar kəskin keçdi, çünki dərin fikir ayrılıqları mövcuddur,” deyə Hollandiyanın baş naziri Mark Rutte bildirib.

Polşanın sabiq baş naziri Task Avropa İttifaqı liderlərini 2018-ci ilin iyununadək immiqrasiya böhranına həll yolu tapmağa çağırıb.

Avropa ölkələri bir sıra immiqrasiya məsələsi ilə bağlı fikir ayrılıqları yaşayır. Onlardan ən mübahisəlisi isə kvota məsələsidir.

Çox sayda qaçqın qəbul edən İtaliya və Yunanıstan daxil olmaqla bəzi cənubi ölkələr Avropa İttifaqına hər bir üzv ölkənin qaçqın qəbul etmək məcburiyyətində olmasını istəyir. Bəzi şərqi ölkələr, xüsusilə də Macarıstan, Polşa və Çex Respublikası qaçqın kvotalarının əleyhinədir.

Britaniya baş naziri Teresa Mey
Britaniya baş naziri Teresa Mey

Brexit-in növbəti mərhələsi

Brexit məsələsinə gəldikdə, Avropa İttifaqı liderləri Britaniyanın danışıqların növbəti mərhələsinə keçməyə icazə verməyə razılaşıb. Bu addım baş nazir Tereza Meyin ötən həftə Britaniyanın Avropa Birliyindən ayrılmasının ilk mərhələsi ilə bağlı razılıq əldə etmək üçün Brüsselə səfərindən sonra onsuz da gözlənilirdi.

“Hələ ediləsi çox şey var, amma biz Britaniyanı firavan, güçlü və təhlükəsiz edəcək Brexit hazırlamaq yolunda irəliləyirik,” deyə Mey bildirib.

Brexit danışıqlarının ikinci mərhələsində diqqət London və Avropa İttifaqı arasında post-Brexit münasibətlərinə və hər hansı gələcək ticarət razılıqlarına yönələcək.

XS
SM
MD
LG