Accessibility links

"Virusa yoluxan hər 10 nəfərdən birində simptomlar 3 ay sonra da davam edir"


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı COVID-19-a yoluxan hər 10 nəfərdən birinin xəstəliyinin 12 həftə sonra da davam etdiyini bildirib və səhiyyə rəsmilərini vəziyyətə ciddi yanaşmağa çağırıb.

Cümə axşamı keçirilən virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Avropa şöbəsi regiondakı ölkələrin uzunmüddətli COVID-19 simptomları olan xəstələrə necə reaksiya verdiyini göstərən sənəd təqdim edib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe "Uzunmüddətli COVID" adlanan xəstəlik zamanı yorğunluq, sinədə ağrı, ürək əzələsinin iltihabı, baş ağrısı, unutqanlıq, depressiya, iybilmənin itməsi, qızdırma, ishal və qulaqlarda səs-küyün eşidilməsi kimi simptomların ola biləcəyini deyib.

Sənəddə COVID-19-a yoluxan hər dörd nəfərdən birində testin müsbət nəticəsindən təxminən bir ay sonra, hər 10 nəfərdən birində isə 12 həftədən sonra simptomlarının olduğu qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe

"Əgər biz COVID-19-un uzun müddətli nəticələrini və sağalma prosesini anlamaq istəyiriksə, COVID-dən sonra simptomlardan əziyyət çəkən xəstələri dinləməliyik" - deyə, Kluqe bildirib.

O deyib ki, qanunvericilər pandemiyanın təsiri azaltmağın həll yollarını axtararkən bu cür xəstələri nəzərə almalıdırlar.

Kluqe uzunmüddətli xəstələrin Ümumdünya Səhiyyə Təşkilatı və hər bir səhiyyə orqanı üçün prioritet olmalı olduğunu deyib.

O, Avropada COVID-19-a yoluxma hallarının azaldığını, ardıcıl ikinci həftədir yoluxanların sayının bir milyondan az olduğunu bildirib. Lakin Kluqe COVID-19-un Avropada hələ də çox yüksək nisbətdə yayılmağa davam etdiyini deyib və narahatlıq doğuran iki variantın digər variantları əvəzləməsi barədə narahatlığını ifadə edib.

XS
SM
MD
LG