Avropa İnsan Hüquqları Məhkəməsi bu gün, mayın 4-də Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Məhkəmə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsini pozduğu qərarına gəlib.
Bu barədə Avropa məhkəməsinin saytı xəbər verir.
Qərar Qobustan qapalı cəzaçəkmə müəssisəsindəki bir məhbusun ölümü ilə bağlı göndərilən şikayət üzrə çıxarılıb.
Qərarda qeyd edilib ki, Mahir Mustafayev ömürlük həbs cəzasına məhkum edilib. O, Qobustandakı qapalı cəzaçəkmə müəssisəsində saxlanılıb. 2006-cı ilin dekabrında onun saxlanıldığı kamerada yanğın baş verib. Müəmmalı yanğın nəticəsində M.Mustafayev vəfat edib. Şikayətdə bildirildiyinə görə, yanıq xəsarətləri alan M.Mustafayevi xəstəxanaya hadisədən 8 saat sonra çatdırıblar.
Yanğın olayı ilə bağlı iki versiya olub. Birinci, rəsmi versiyaya görə, M.Mustafayev siqaret çəkərkən ehtiyatsızlıq etdiyindən yanğın baş verib. Onu xəstəxanaya aparan avtomobil yolda xarab olduğundan, həkimlərə zamanında yetişmək mümkün olmayıb.
M.Mustafayevin vəkilləri isə iddia ediblər ki, ona müəssisə əməkdaşları işgəncə veriblər və nəticədə vəfat edib. İşgəncə olayını ört-basdır etməkdən ötrü kamerada yanğının imitasiya olduğu güman edilir.
Qərar görə, M.Mustafayevin ölümü ilə bağlı cinayət işi də açılmayıb. Prokurorluq 2006-cı ilin dekabrında cinayət işinin başlanmasından imtina edib. Ölkədaxili məhkəmə instansiyalarının qərarları da onları təmin etmədiyindən, mərhumun atası Zeynal Mustafayev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti əsaslı sayıb. Məhkəmə hesab edib ki, M.Mustafayevin Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsində nəzərdə tutulan hüquqları pozulub.
Qərarda həmçinin bildirilir ki, hökumət ölüm olayının səmərəli araşdırılması istiqamətində gərəkli addımları da atmayıb.
Hökumət Mustafayevlərə 23 min 500 avro ödəməlidir.