Accessibility links

Macarıstan miqrant axınının qarşısını almaq üçün ciddi tədbirlər görür


Yeni qanun çərçivəsində 366 qanunsuz mühacir həbs olunub

Macarıstana qanunsuz keçən miqrantların sayı kəskin şəkildə azalıb, eyni zamanda, Serbiyadan Xorvatiyaya onlarla qaçqının keçdiyi bildirilir.

Macarıstan rəsmiləri Serbiya tərəfdən çox sayda miqrant axını olduğu üçün iki rəsmi sərhəd keçidini bağlayıblar. Bundan əlavə, Macarıstan iki cənub əyalətdə fövqəladə vəziyyət elan edib.

Yüzlərlə miqrant yeni səddə dirənərək, ölkəyə daxil olmağı tələb edib.

Macarıstan ölkəyə qanunsuz şəkildə daxil olan insanları cəzalandırmaq məqsədilə yeni sərt qanunlar qəbul edib. Çərşənbə günü isə Macarıstan höküməti bildirib ki, bir gün öncə bu qanun çərçivəsində 366 qanunsuz mühacir həbs olunub. Polisin bildirdiyinə görə, bazar ertəsi ölkəyə 9380 miqrant daxil olub. Bu, indiyə qədər bir gün ərzində Macarıstana keçən ən yüksək miqrant sayıdır.

Eyni zamanda miqrant axını artıq cənub istiqamətə yönəlib. Çərşənbə axşamı onlarla miqrantın Serbiyadan Xorvatiyaya keçdiyi bildirilir. Bundan əlavə isə Serbiyanın Preşevo şəhərindən avtobus dolu insanın da Xorvatiyaya istiqamət etdiyi görülüb.

Ağ Evdə İspaniya kralı Altıncı Filiplə görüşən ABŞ prezidenti Barak Obama deyib ki, miqrantlara bütün dünya yardım etməlidir.

Berlində Almaniya kansleri Angela Merkel miqrant böhranını müzakirə etmək üçün xüsusi samittin təşkil olunmasına və Avropanı həmrəylik göstərməyə çağırıb. Kansler Merkel Almaniyanın bu il ərzində 800 min miqrantı qəbul edəcəyini bildirib.

Lakin bəzi Avropa liderləri Almaniyanı açıq bir şəkildə Suriya və digər yerlərdən qaçan miqrantları qəbul etdiyinə görə günahlandırır. Almaniya isə bu böhranın yükünü bölüşdürmək istəmədiyi üçün digər Avropa İttifaqı üzvlərindən narazıdır.

Bu il Suriya və İraq qaçqınları daxil olmaqla daha yaxşı həyat axtarışında olan 430 mindən çox miqrant Aralıq dənizi vasitəsilə Avropaya keçib. Miqrasiya nəzarətçilərinin bildirdiyinə görə, 3 minə yaxın insan yolda ölüb.

XS
SM
MD
LG