Accessibility links

Avropa Şurası Türkiyənin ədliyyə sistemini sərt tənqid edib


Avropa Şurası Türkiyənin ədliyyə sistemini sərt tənqid edib
Avropa Şurası Türkiyənin ədliyyə sistemini sərt tənqid edib

Onillik hakimiyyətinin ilkin çağlarında hakim Ədalət və İnkişaf Partiyası (AKP) işgəncələrə son qoyduğuna görə alqışlanırdı. Amma müşahidəçilər ölkədə avtoritar tendensiyanın güclənməsi ilə xoş məramın sürətlə buxarlanmaqda olduğunu deyirlər.

Avropa Şurası bu ay açıqladığı hesabatda Türkiyənin ədliyyə sistemini kəskin tənqid edib. Bu tənqid ölkənin iki aparıcı müxalifət partiyasının hökuməti müxalifəti hüquqi yollarla susdurmağa cəhddə ittiham etməsindən sonra açıqlanıb.

Detallı hesabatda Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq Türkiyədə ədliyyə sisteminin fundamental insan haqlarına təhlükə törətdiyini bildirib:

“Bu ölkədə ədliyyənin fəaliyyəti - konkret olaraq, onun insan haqlarına təsiri ilə bağlı real problemlər var. Heç də sistemə gətirilən bütün məsələlərdə ədalət bərqərar olmur.”

Hesabatın işıqlandırdığı başlıca narahatlıq siyasi partiya üzvlərinin artan şəkildə həbsləri üzərində cəmləşib. Kürdüstan İcmalar İttifaqının (Kİİ) fəaliyyəti ilə bağlı təhqiqat hesabatda xüsusi yer alır. Türkiyə rəsmiləri inanırlar ki, Kİİ üsyançı PKK qrupunun siyasi qanadıdır.

Yerli insan haqları qruplarının məlumatına görə 2009-cu ildən bəri 4000 adam saxlanılıb. Onların çoxu kürdpərəst Sülh və Demokratiya Partiyasının (BDP) üzvləridir. BDP-nin parlamentdəki nümayəndəsi Ertuqral Kürkçü bu həbslərin terrorizmə qarşı mübarizə ilə heç bir əlaqəsi olmadığını deyir.

Hammerberg bu narahatlıqları ifadə edərək saxlanmalar üçün hüquqi əsas olmadığını deyir. Saxlananların çoxu illərlə məhkəməsiz həbsdə qalıb. Avropa Şurası məhkəmədən qabaq saxlanmaları ciddi narahatlıq mənbəyi kimi qiymətləndirib.

Hammerbergin dediyinə görə onun ədliyyə işçiləri ilə söhbətlərindən belə məlum olur ki, hökumət məhkəmədən qabaq saxlamalardan cəza mexanizmi kimi istifadə edir.

“Mən Diyarbəkirdən bir prokurorla söhbətimdə ona izah edirdim ki, yekun məhkəmədən öncə kimisə saxlamaq üçün səbəb olmalıdır. O, cavab verdi ki, bu növ həbslər onlara dərs olar. Niyə ədliyyə sistemi günahı sübut edilməyən adamlara dərs vermək istəyir? Elə adamlar var ki, 10 il saxlanılıblar. Bu, rüsvayçılıqdır. Heç kəs sübut olunmadan bu qədər uzun müddətə saxlanılmamlıdır.

Xalq Cümhuriyyət Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu da bu ayın əvvəlində məhkəmədən qabaq saxlanma praktikasını pisləyib. O, Türkiyənin “açıq məhbəsə” çevrildiyini deyib. Onun parlamentdəki iki müşaviri artıq 3 ildir ki, hökuməti devirmək ittihamı ilə həbsdə yatırlar.

Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Türkiyəyə qarşı bu yönümdə qərarlar çıxarıb. Artan tənqidlərin fonunda Ədliyyə Naziri Sadullah Ergin islahatlar paketi açıqlayıb.

O, deyib ki, indən belə həbs orderləri, zaminə buraxılmamaq qərarı aydın şəkildə yazılmalıdır. Cənab Erginin sözlərinə görə məhkəmələr müttəhimin cinayət törədəcəyinə dair şübhələrini ciddi şəkildə əsaslandırmalıdırlar.

Ana müxalifətin təmsilçisi və Avropa İnsan Haqları Məhkəməsində hakim qismində çalışmış Riza Turmen islahatların kosmetik xarakter daşıdığını bildirib. O, bu islahatların anti-terror qanununa dəlalət etməyəcəyini bildirib; halbuki, bu qanunlar əsasında 100-ə yaxın jurnalist həbs olunub.

Turmenin sözlərinə görə Türkiyənin üzləşdiyi təhlükə daha fundamentaldır:

“Türkiyədə problem odur ki, bir partiyanın əlində nəhəng hakimiyyət cəmləşib. Hökumət ədliyyəyə nəzarət edir. Hökumət bütün müstəqil təsisatlara nəzarət edir. Türkiyədə heç vaxt hakimiyyət bir əldə bu dərəcədə konsentrasiya olunmayıb. Hakimiyyətin bu cür bir əldə cəmləşməsi istənilən demokratiyaya təhlükədir.”

Onillik hakimiyyətinin ilkin çağlarında hakim Ədalət və İnkişaf Partiyası (AKP) işgəncələrə son qoyduğuna görə alqışlanırdı. Amma müşahidəçilər ölkədə avtoritar tendensiyanın güclənməsi ilə xoş məramın sürətlə buxarlanmaqda olduğunu deyirlər.

XS
SM
MD
LG