Accessibility links

Avropa Şurasında Azərbaycanda insan hüquqları ilə bağlı dinləmə keçirilib


Sing for democracy şüarı ilə keçirilən dinləmələrdə Azərbaycanda fundamental azadlıqların kobud pozulmasını əks etdirən videoçarx nümayiş olunub.

Avropa Şurası Parlament Assambleyasında “Eurovision” müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı dinləmələr keçirilib. Müzakirələrin təşkilatçısı almaniyalı deputat Viola fon Kramon, habelə “Azadlıq indeksi”, HRW, Article 19, Norveç İnsan Hüquqları Evi və digər beynəlxalq təşkilatlardır.
Turan Agentliyinin məlumatına görə, müzakirələrdə azərbaycanlı hüquq müdafiəçiləri Vüqar Qocayev, Rəşid Hacılı, Zöhrab İsmayıl, Pərvanə Persiani, habelə AŞPA-nın bir neçə deputatı iştirak ediblər. Sing for democracy (Azadlıq naminə oxu) şüarı altında keçirilən dinləmələrdə Azərbaycanda əmlak hüquqlarının və digər fundamental azadlıqların kobud şəkildə pozulmasını əks etdirən videoçarx nümayiş olunub.
Rəşid Hacılı hakimiyyətin jurnalistlərə qarşı təzyiqlərindən, hökumətin diffamasiya haqqında qanun qəbul etmək istəməməsindən, habelə reportyor İdrak Abbasovun başına gələn son hadisələrdən danışıb.
HRW nümayəndəsi Georgi Qogia xatırladıb ki, Azərbaycan AŞ-nin üzvü kimi bu qurum qarşısında üzərinə öhdəliklər götürüb, amma onları pozur. “Bu, vətəndaşların əlindən alınan mülkiyyətə görə ədalətli kompensasiya ödənilməsi məsələsində özünü daha aydın göstərir. Burada Bakı təkcə beynəlxalq normaları deyil, öz qanunlarını da pozur. Niyə hakimiyyətin yüksək binalar və parklar tikməyə pulu var, mənzilindən məhrum edilən insanlara qanuni kompensasiya verməyə vəsaiti yoxdur?”, -deyə cənab Qogia sual edib.
Hüquq müdafiəçisi Vüqar Qocayev bildirib ki, hakimiyyət QHT-lərin fəaliyyətinə, xüsusən Bakı hüdudlarından kənarda maneçilik törədir, buna görə QHT-lər paytaxtdan kənarda tədbirlərini keçirə bilmir. “Ölkədə “sabitlik” polis gücünə təmin edilir, siyasi məhbusların sayı isə artmaqda davam edir”.
Cənab Qocayev faktiki olaraq hakimiyyətin maraqlarını ifadə edən İctimai TV-nin fəaliyyətini tənqidə məruz qoyub.
Hüquq müdafiəçisi Zöhrab İsmayıl mərkəzdə 4 min evin söküldüyünü, ARDNŞ-nin ucqar bölgələrdə 35 minə yaxın evi qanunsuz tikili elan etdiyini xatırladıb. “Mülkiyyət hüquqlarını müdafiə edən vəkillər təqiblərə məruz qalır. Hər kv. m üçün 1500 manat kompensasiya real vəziyyətə uyğun deyil”.
Pərvanə Persiani sosial şəbəkələrdə azadlıq məsələsinə toxunub. O qeyd edib ki, hakimiyyət vətəndaşların şəxsi yazışmalarına nəzarət edir, müxalifət KİV-lərinin və blogerlərin səhifələrinə hücum edir. Persiani Bəxtiyar Hacıyevin, Cabbar Savalanın başına gələnləri xatırladıb.
Almaniyalı deputat Viola fon Kramon hakimiyyəti dözümlü olmağa çağırıb. “Hakimiyyəti tənqid edənləri erməniyönlü və ya müxalif adlandırmaq lazım deyil. Tənqid Azərbaycanın özünün rifahına yönəlib”, - deyə o qeyd edib.

XS
SM
MD
LG