Accessibility links

“Twitter kampaniyası bir həftə, interaktiv brifinq isə Eurovision-a qədər davam edəcək”


Amnesty International-ın Azərbaycan üzrə kampaniya koordinatoru: "Hər iki kampaniya aprel ayının 2-si – keçən ilin yazında dinc nümayişçilərin həbs edilməsinin ildönümü günü başlanacaq".

Bu gün Amnesty International təşkilatı aprel ayının 2-də Azərbaycanda ifadə azadlığı ilə bağlı iki kampaniya başladacağını bildirib. Onlardan biri “İnteraktiv Brifinq”, digəri isə “Twitter” kampaniyasıdır. Eurovision müsabiqəsinin bəzi keçmiş iştirakçılarının da iştirak edəcəyi bu kampaniya barədə ətraflı məlumat əldə etmək üçün Amnesty Internationalın Azərbaycan üzrə kampaniya koordinatoru Max Tucker-lə (Maks Taker) müsahibə aparmışıq. Müsahibəni isə olduğu kimi təqdim edirik:

Sual: Aldığımız məlumata görə, Amnesty International aprel ayının 2-də 2 kampaniyaya başlayacaq. Bu kampaniyalar barədə bir qədər ətraflı məlumat verə bilərsiniz?

Cavab: Bunlardan biri “İnteraktiv brifinq”, digəri isə “Twitter” kampaniyasıdır. Birinci kampaniya Eurovision-un keçmiş iştirakçıları və başqa populyar musiqiçilərin köməkliyi ilə Azərbaycanda insanların ifadə və toplaşmaq azadlığının vəziyyətini dünyaya olduğu kimi çatdırmaqdan ibarətdir. Yeni bir interaktiv səhifə yaradılacaq. Orada izləyicilər videolara, fotolara baxa və dinc nümayişlərə və onlayn fəaliyyətlərinə görə həbs edilənlərin prosesləri barədə məlumatları oxuya biləcəklər. Bu kampaniyaya izləyicilər də Twitter vasitəsilə qoşula bilər. İkinci kampaniyamız da məhz bundan ibarətdir. Onlar Twitter vasitəsilə təşkilatçı Avropa Yayımları Birliyini bu dinc nümayişçilərin azadlığa buraxılması üçün Azərbaycan hökumətinə daha çox təzyiq göstərməyə çağıran mesajlar yaya bilər.

Sual: Haqqında danışdığınız birinci kampaniya – İnteraktiv brifinq kampaniyası hansı veb səhifədə aparılacaq. Bunun üçün yeni veb səhifə yaradılacaq?

Cavab: Bu səhifə Amnesty International-ın öz səhifəsi daxilində yaradılacaq. Bu bölmə hətta Amnesty Internatinal-ın Avropadakı 11 ofisinin veb səhifələrində də müxtəlif dillərdə yerləşdiriləcək.

Sual: Açıqlamada Avropa Yayımları Birliyini Azərbaycana daha çox təzyiq göstərməyə çağıracağınız deyilir. Onlardan gözləntiləriniz nədir? Onlar bu istiqamətdə nə kimi addımlar ata bilər?

Cavab: Azərbaycan Eurovision müsabiqəsinin uğurlu olmasını həqiqətən də istəyir. Bu baxımdan Avropa Yayımları Birliyinin böyük imkanı var. Birlik hökumətdən açıq şəkildə istəyə bilər ki, onlar ifadə azadlığını yalnız müsabiqəni işıqlandıracaq xarici jurnalist üçün deyil, həm də orada yaşayan sadə azərbaycanlılara üçün təmin etsin. Bu addımın bir hissəsi isə keçən ildən həbsdə olan vicdan məhbuslarının azadlığa buraxılmasından ibarət ola bilər. Ona görə də biz AYB-ni Azərbaycandakı dinc nümayişçilər və ifadə azadlığı tələb edənlərə qarşı təzyiqləri ictimaiyyət qarşısında tənqid etməyə çağıracağıq.

Sual: Hər iki kampaniya aprel ayının 2-si başlayacaq? Ümumiyyətlə kampaniyalar nə qədər davam edəcək?

Cavab: Bəli, hər iki kampaniya aprel ayının 2-si – keçən ilin yazında dinc nümayişçilərin həbs edilməsinin ildönümü günü başlanacaq. Twitter kampaniyası təxminən 1 həftə davam edəcək. İnteraktiv veb bölmə isə Eurovision müsabiqəsinin keçiriləcəyi vaxtadək mövcud olacaq. Bir qrup tanınmış musiqiçi bu kampaniyada iştirak üçün qeydiyyatdan keçib və digər musiqiçiləri də bu kampaniyaya qoşulmağa çağıracağıq.

Sual: Bəs, Twitter kampaniyasında musiqiçilərdən iştirak edən olacaqmı?

Cavab: Biz ümid edirik ki, “İnteraktiv brifinq” kampaniyasında iştirak edənlər bu kampaniyada da iştirak edəcək. Ancaq onların buna dair öhdəlikləri yoxdur. Bu, könüllü kampaniyadır. Ümid edirik ki, qoşulacaqlar, amma bu onların özündən asılıdır.

Sual: Konkret hansı müsiqiçilərin kampaniyalara qoşulacağını söyləyə bilərsinizmi? Açıqlamada hətta Azərbaycandan da qoşulanların olacağı bildirilir.

Cavab: Mən ümid edirəm ki, siz bu barədə aprelin 2-də xəbərdar olacaqsınız. Hadisələri qabaqlamaq istəmirəm.

XS
SM
MD
LG