Avstraliyanın tibbi texnologiya istehsalçısı yanlış müsbət nəticələr aşkar etdikdən sonra ABŞ-a göndərilən 2 milyondan çox ev şəraitində edilən COVID-19 testini geri çağırıb.
ABŞ-ın Ərzaq və Dərman İdarəsinin (FDA) çərşənbə günü bildirdiyinə görə, Ellume şirkəti keçən ay problemi aşkarladıqdan sonra 2.2 milyon testin geri qaytarılmasını istəyib.
Yanlış müsbət test nəticələri insanda koronavirus olmadığı halda koronavirus olduğunu göstərib.
Ərzaq və Dərman İdarəsi bunun ən ciddi geri çağırma olaraq təyin edib. "Bu testlərin istifadəsi insanın sağlamlığına çox ciddi təsir edə bilər və ya ölümə səbəb ola bilər" - deyə, agentlik bildirib.
Ərzaq və Dərman İdarəsi bu günə qədər 35 yanlış müsbət nəticənin çıxdığını və ölüm hallarının olmadığını bildirib.
Oktyabrın əvvəlində Ellume bəzi məhsul partiyalarında gözləniləndən daha yüksək nisbətdə yanlış müsbət nəticələr olduğunu bildirib və 195 min testin könüllü geri çağırıldığını elan edib.
Həmin vaxt şirkət ABŞ-a təxminən 3,5 milyon test göndərmişdi.
Ellume cümə axşamı bildirib ki, əlavə yalan təsdiqlər aşkar edildikdən sonra geri çağırmanı genişləndirib.
"Ellume problemi araşdırdı, əsas səbəbi müəyyənləşdirdi, əlavə nəzarətlər həyata keçirdi və biz artıq yeni məhsul istehsal edib ABŞ-a göndəririk" - deyə, şirkət bildirib.
Ellume-nin ev şəraitində sürətli koronavirus testləri keçən il ABŞ-da istifadə icazəsi alan ilk testlər olub.