Avstriyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı Belarusda Avstriyanın milli ORF xəbər kanalında işləyən iki jurnalistin saxlanılmasına etiraz edib.
ORF-nin müxbiri Karola Şnayder və kamera operatoru bazar ertəsi Belarusun paytaxtı Minskdə saxlanılaraq, polis bölməsinə aparılıb.
Kanal Belarus insan haqları qrupuna istinadən jurnalistlərin yerli sakinlərlə müsahibə apararkən mülki geyimli polislər tərəfindən saxlandığını, həmin iki jurnalistin daha sonra sərbəst buraxıldığını bildirib.
Avstriya Xarici İşlər Nazirliyi polisin hərəkətini "tamamilə qəbuledilməz" adlandırıb.
"Biz dərhal etiraz etdik. Müxbirlər maneəsiz işləyə bilməli və media azadlığı hər zaman təmin edilməlidir" - deyə, nazirliyin tvitter səhifəsində yazılıb.
Bir il əvvəl ölkənin avtoritar prezidentinin yenidən seçilməsi kütləvi etirazlara səbəb olduğundan Belarusda müstəqil mətbuat orqanları və jurnalistlər təzyiqlərə məruz qalır.
Bazar günü yüzlərlə insan qonşu Belarusdakı siyasi repressiyalara etiraz olaraq Varşavada yürüş keçirib. Bu nümayiş Belarusda saxtalaşdırıldığı düşünülən prezident seçkilərinin bir ilinin tamam olması ərəfəsində keçirilib.
Bir çoxları əllərində Belarus müxalifətinin Belarusda qadağan edilmiş qırmızı-ağ bayraqlarını dalğalandırıb və "Yaşasın Belarus!" şuarı səsləndirib.
Etiraz aksiyasına Varşavanın mərkəzində başlayan insanlar ABŞ və Rusiya səfirliklərinin qarşısından keçərək, şəhərin cənubunda yerləşən Belarus səfirliyinə doğru gedib.
Rusiya səfirliyi qarşısında çıxış edənlər Belarusdakı repressiyalara görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Plakatların birində Lukaşenko ağzından qan damlayan vampir kimi təsvir olunub.
1994-cü ildə hakimiyyətə gələndən sonra Lukaşenko fərqli düşüncə tərzinə qarşı amansızcasına davrandığı üçün Qərbdə "Avropanın son diktatoru" ləqəbini qazanıb.