Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Qadir Xudabaxşıyev, Gülnarə Rəhimova və Mətanət Turan bu gün, fevralın 5-də Baş Prokurorluğa dəvət edilib, onlarla 4 saatadək profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.
Fəallar bildirib ki, onlarla Facebook səhifəsindəki statusları və şərhləri ilə bağlı söhbət aparılıb və bir daha təhqiredici statuslar yazmamaları ilə bağlı xəbərdarlıq ediliblər.
“Bildirdilər ki, “qorxaqlar, qullar" yazmışam. Bununla insanları təhqir etmişəm. Mən Mətanət xanımın statusuna şərh yazmışam ki, “sakit dur, qoy yatsın qorxaqlar-qullar”. Dedilər ki, bu sözlərlə xalqı, şəhid ailələrini təhqir etmişəm. Mən ona sual verdim ki, bu sözlərin hansı təhqirdir? Bu zaman deyir, sən vətənpərvər xanımsan. Sonra dedim ki, bəs məni dəvət edəndə deyirdiniz problemlərinizdən danışacağıq. Nəhayətdə izahat yazdım, imza atdım. Amma, xəbərdarlıq təqdim etdilər, ona imza atmadım,” Gülnarə Rəhimova qeyd edib.
Mətanət Turan deyib ki, Facebookdakı statusu ilə bağlı onunla söhbət aparılıb.
“Elə bil Londondakı qanunsuz pullar Gülnarə ilə mənimdir. Onları dindirmək əvəzinə bizi çağırırlar,” o qeyd edib.
Mətanət Turan bildirib ki, bir şairi də şeri ilə bağlı dəvət ediblərmiş.
Baş Prokurorluq fəalların prokurorluğa dəvət edilməsi ilə bağlı məlumat yaymayıb.