Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatınımn sədri Babək Həsənov mayın 28-dən 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq edir.
Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, öncə Babək Həsənova qarşı təzyiqlər edilib.
“Təzyiqlərlə bağlı məsələ ictimailəşdirildikdən sonra Həsənova qarşı təzyiqlər dayandırılıb. Bununla yanaşı Babək Həsənovla həbsxanada ünsiyyətdə olan insanlara qarşı təzyiqlər davam etdirilir. Hətta onunla 5 dəqiqə ərzində ünsiyyəıtdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb. Babək Həsənov onunla ünsiyyət quran şəxslərə qarşı təzyiqlərin dayandırılması tələbi ilə aclıq edir,” Bayramlı qeyd edib.
Öz növbəsində Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Babək Həsənovun aclıq etməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur.
“Babək Həsənov ümumiyyətlə aclıq etmir. Onun saxlanıldığı müəssisə açıq tiplidir və orada məhbusların ünsiyyət qurmasına məhdudiyyət qoymaq mümkün deyil. Bu barədə yayılan məlumatlar da doğru deyil. Əhsən Nuruzadənin cərimə təcridxanasına salınması isə onun daxili intizam qaydalarını pozması ilə bağlıdır və bunun Babək Həsənova aidiyyatı yoxdur,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahlı bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb.