Accessibility links

AXCP sədrinə baş çəkmək istəyən iki partiya funksioneri cərimələnib


Əli Kərimli

Aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evinə getmək istəyən iki partriya funksioneri cərimə olunub.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün Əli Kərimlinin doğum günü ilə əlaqədar onlara getmək istəyən AXCP Rəyasət Heyətinin üzvləri Səadət Cahangir (o, həm də Azadlıq qəzetinin əməkdaşıdır) və İradə Nəriman onun yaşadığı evin blokunda saxlanılaraq polis bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıblar. Baxmayaraq ki, onların hərəkət üçün icazələri olub.

"Bu gün Əli bəyin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq məqsədi ilə onlara getməliydim. Təbii ki, mağazadan tort aldım və AXCP Ali Məclis sədrinin müavini İradə Nəriman da SMS icazəsi ilə mənimlə birgə getmək istədiyini bildirdi. Təxminən saat 12-də Əli bəyin yaşadığı evin blokundan içəri girmək istədikdə mülki geyimli 4 nəfər üstümüzə cumdu. Özlərini təqdim etmədən onlarla getməli olduğumuzu bildirdilər, israrla özlərini təqdim etmələrini tələb etsək də, nəticə olmadı. Sonra bizi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirdilər. Bölmədə heç bir kobud davranış göstərilməsə də, saat 16-ya kimi bizi orda saxladılar. Protokol tərtib etdilər, mənim jurnalist vəsiqəm, İradə xanımın SMS icazəsi olmasına baxmayaraq, 100 manat cərimə edərək buraxdılar. Hamıya bir daha əyan olsun ki, Əli Kərimlinin evi həqiqətən blokadadadır, evin qarşısında da polis keşik çəkir. Bir daha aydın olsun ki, hakimiyyət Əli Kərimliyə qarşı heç bir qanuna və mənəviyyata sığmayan yollardan istifadə edir," Səadət Cahangir Facebook səhifəsində yazıb.

Səadət Cahangir baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Öz növbəsində rəsmi qurumlar bu məlumata hələ münasibət bildirməyib.

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq 10 gündən çoxdur ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır: internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Əli Kərimlinin və ailə üzvlərinin evdən çıxmaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib-gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və ya həbs edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu bildirib. Bu qurumun mətbaut xidməti həmçinin Kərimlinin telefon və internet əlaqələrində problem yaranıbsa müvafiq şirkətlərə müraciət etməsini məsləhət bilib.

"Azercell Telekom" şirkəti isə bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.

“"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur. Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir. Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil,” Azercell Telekom" MMC-nin mətbuat xidməti qeyd edib.

XS
SM
MD
LG