Accessibility links

AXCP sədri Bakı polisində 4 saat dindirilib (Əli Kərimli ilə müsahibə-AUDİO-VİDEO)


Polis Əli Kərimlinin İctimai Palatanın dünənki aksiyası ilə bağlı çağırıldığını bildirib.

Mayın 25-də gecə boyunca naməlum şəxslər müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evinə girməyə çalışıb. “Mülki geyimli şəxslər gecə saat 00.00-da gəldi və evimin qapısını bərk-bərk vuraraq açmağı tələb etdilər. Onlardan 5 nəfərini kameradan görürdüm, özlərini təqdim etmədilər. Bir saata yaxın qapını döydülər və 3 saatdan çox evimin həndəvərində qaldıqdan sonra getdilər. Mayın 26-da səhər saat 8-də yenidən mülki geyimli şəxslər gəldilər, qapını döyməyə başladılar”, - deyə cənab Kərimli jurnalistlərə bildirib.

Nəhayət, saat 9.40-da Kərimliyə saat 11.00-da Bakı şəhər Baş Polis İdarəsində (BBPİ) mayor İsmayıl Əliyevin yanında olması barədə çağırış təqdim edilib.

AXCP sədri jurnalistlərin müşayiəti ilə saat 11-də polis idarəsinə gəlib və 4 saatdan sonra saat 15.00-da azad buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, AXCP lideri Əli Kərimli paytaxt polis idarəsinə İctimai Palatanın dünənki aksiyası ilə bağlı çağırılıb.
”Aksiya zamanı saxlanılanların bəziləri “onları ictimai asayişi pozmağa Əli Kərimlinin sövq etdiyi” barədə ifadə verib. Buna görə, Kərimlinin polisə çağırılması və ifadəsinin alınması zərurəti yaranıb. O telefon zənglərinə cavab vermədiyi üçün polis əməkdaşları bir neçə dəfə evinə gəlib, bu gün səhər çağırış vərəqəsini ona veriblər”, - deyə məlumatda qeyd edilir.

AXCP sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Bakı şəhər Baş Polis İdarəsində ona xəbərdarlıq edilib. “Bəli, məni dindiriblər, izahat aldılar və xəbərdarlıq etdilər. Onlar hesab edir ki, İctimai Palatanın (İP) son günlər keçirdiyi aksiyalar qanunsuzdur. Mən bir daha İP mövqeyini onlara izah etdim və bildirdim ki, Azərbaycan konstitusiyasına və “Sərbəst toplaşmaq haqqında” qanuna istinadən bu aksiyaları keçirmişik. Aksiyada iştirak edən insanlar İP-nin qərarını yerinə yetirib və aksiyalarla bağlı qərar da orada qəbul olunub. Onu da vurğuladım ki, mübarizəmiz dinc yolla aparılır və dinc mübarizə yolu ilə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəmizi davam etdirəcəyik”.

O cinayət işinin açılıb-açılmaması barədə məlumatlandırılmayıb. “Əvvəlcə BBPİ-nin rəisi və Bakı şəhər prokuroru mənimlə söhbət etdi, sonra isə İstintaq İdarəsinin rəisinin iştirakı ilə müstəntiq izahat aldı”.

AXCP sədri polis idarəsinə çağırılmasını qanunsuzluq kimi qiymətləndirib. “Üstəlik də bu qanunsuzluq çox uyğun olmayan vaxtda baş verdi. Onlar mənə iradlarını bildirəndə xüsusi vurğulayırdılar ki, ölkəmizdə böyük tədbir keçirilir, Eurovision günlərində bu aksiyalar keçirilir. Mən isə vurğuladım ki, belə tədbir keçirilən ölkədə sadəcə flaşmoba görə müxalifət liderinin izahat üçün dəvət edilməsi dövlətin imicinə vurulan bir zərbədir. Dünyanın hansı ölkəsində flaşmoba görə müxalifət lideri istintaqa çağırılıb. Bu ancaq Azərbaycan və Azərbaycan kimi qeyri-demokratik ölkədə ola bilər. Çox təəssüf ki, Azərbaycanda avtoritar rejim qanunları saya saymır”.

O həmçinin dünənki flaşmob zamanı 60-dək insanın saxlandığını deyib. “Bu gün onların bir çoxu cərimə edilərək buraxılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada həbs seçilib. Flaşmoba görə bu qədər adamın saxlanması biabırçılıqdır”.

Əli Kərimli İP aksiyaları davam etdirəcəyini bildirib. “Əlbəttə, İP uyğun bildiyi vaxtda, uyğun bildiyi yerdə etiraz aksiyaları keçirəcək . Etiraz aksiyaları bir məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG