Accessibility links

Son üç gündə Azərbaycan-İran sərhədində atışmada iki nəfər ölüb


Son 3 gündə Azərbaycanın İranla sərhədində iki silahlı insident qeydə alınıb. Nəticədə iki nəfər öldürülüb, bir nəfər yaralanıb.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında İran əra­zisindən Azərbaycan istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxs Azərbaycanın sərhəd naryadına qarşı odlu silahdan atəş açıb. Atışma nəticəsində sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq geriyə, İrana qaçıb.

Əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Azərbaycan-İran sərhədində götürülmüş narkotik
Azərbaycan-İran sərhədində götürülmüş narkotik

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerinə gedib, İranın Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirləri müzakirə edib.

Martın 10-da isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin (Bakıdan 299 kilometr cənub-qərb) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına silahlı cəhd edilib.

Atışma zamanı sərhəd naryadının başçısı Səxavət Məmmədov ölüb, sərhəd naryadının üzvü Vidadi Cəbrayılov əlindən güllə yarası alıb.

Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geriyə qaçıb.

Hər iki hadisə ilə əlaqədar Azərbaycan Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb.

Bundan öncə Azərbaycan-İran sərhədində insident bu il fevralın 11-də baş verib. Azərbaycanın “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb.

Ümumiyyətlə Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə gətirilib. Son illərdə hüquq mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik götürülüb.

Eyni zamanda, dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran sərhədçiləri ilə
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran sərhədçiləri ilə

İranla sərhəddə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazisində baş verən silahlı insident zamanı İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum ollub ki, o əvvəllər də Azərbaycanın dövlət sərhədini qanunsuz keçib və Azərbaycan sərhədçisini yaralayıb.

Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

XS
SM
MD
LG