Accessibility links

Azərbaycan Rusiyaya etiraz notası təqdim edib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 6-da Rusiyaya etiraz notası təqdim edib. Buna Dağlıq Qarabağın erməni icmasının lderlərinin Rusiyaya səfəri səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatında deyilir ki, noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

“Görüş zamanı Rusiyanın səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib,” məlumatda qeyd edilir.

Nazirlik bu səfərlərin dəyişməz olaraq təxribat xarakteri daşıdığını və Azərbaycanın suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyini Rusiya tərəfinə çatdırıb.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

“Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü ildə dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir”, Xarici İşlər Nazirliyi bildirib.

Səfir Boçarnikov Rusiya tərəfinin münaqişə üzrə mövqeyinin məlum və dəyişməz olduğunu, eləcə də hər-hansı tanınmamış qurumların “nümayəndələri”nin Rusiya ərazisinə daxil olmasının bu ölkənin rəsmi mövqeyini əks etdirmədiyini vurğulayıb.

Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ tərəfinə eyni məzmunlu etiraz notası təqdim edib. Notada Dağlıq Qarabağın erməni icmasının liderinin Amerikaya səfərinə etiraz bildirilib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” həmsədlərin bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG