Accessibility links

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü ərəfəsində cəbhədə gərginlik artıb


Martın 26-da Azərbaycan Ordusunun mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu (Bakıdan 310 km cənub-qərbdə) istiqamətində Azərbaycanın hərbi qulluqçusu Əlləz Əlləzov həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, martın 26-da gün ərzində erməni qüvvələr cəbhənin müxtəlif istiqamətlərində "təxribatlara əl atıb".

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Eyni zamanda Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən bildirir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistanın Tavuş rayonunun Berdavan kəndi istiqamətində (Bakıdan 400 kilometr qərb, Azərbaycanın Qazax rayonu istiqaməti -red) Azərbaycan tərəfi mühəndis işləri həyata keçirməklə mövqelərini irəli çəkməyə cəhd edib. Ermənistan tərəfinin xəbərdarlığına tabe olmayan Azərbaycan tərəfi atəş açıb. Cavab atəşi ilə Azərbaycanın mühəndis-texniki işlərinin dayandırılmasına nail olunub. Ermənistan Ordusu itki verməyib.

“Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb. Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır,” Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Cəbhə xəttində gərginliyin artması Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada gözlənilən görüşü ərəfəsinə təsadüf edir.

Nikol Paşinyan və İlham Əliyev - 23.01.2019
Nikol Paşinyan və İlham Əliyev - 23.01.2019

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Bu proses Dağlıq Qarabağın iştirakı olmadan mümkün deyil.
Nikol Paşinyanın martın 4-də Avropa Parlaemntindəki çıxışından sitat

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.

Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistanın danışıqlar prosesini pozmağa çalışır.
İlham Əliyevin martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşü zamanı bəyanatından sitat

Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.

“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dağlıq Qarabağ münaqişəsi
Dağlıq Qarabağ münaqişəsi

Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.

ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib. Rəsmi məlumatlarda deyilir ki, görüşlərdə münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmsədrlərin regiona səfərindən sonra, martın 4-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində bildirib ki, Qarabağ problemi hərbi yolla həll edilə bilməz, münaqişənin sülh yolu ilə həlli üçün isə uyğun bir mühit yaradılmalıdır.

"Sentyabr ayında parlamentdəki bəyanatımda bildirdim ki, münaqişənin həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Mən ümid edirdim ki, belə bir bəyanat Azərbaycanda, bu ölkənin prezidentinin ağzından eşidiləcək, lakin təəssüf ki, bu ümidlər doğrulmayıb. Əksinə, Azərbaycan təhdidləri səsləndirməkdə davam edir, Dağlıq Qarabağ və Ermənistan xalqının maraqlarını nəzərə almadan bu məsələni güc vasitəsi ilə həll etməyə hazır olduqlarını bəyan edir. Hesab edirəm ki, bu şəraitdə problemin tez həllini gözləmək çətindir", Paşinyan deyib.

Onun fikrincə, münaqişə ilə bağlı aparılan müzakirələrə uyğun bir format yaratmaq lazımdır.

“Bu proses Dağlıq Qarabağın iştirakı olmadan mümkün deyil,"Paşinyan bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində-27.10.2015 (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində-27.10.2015 (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

Bundan sonra , Azərbaycan tərəfi münaqişənin nizamlanmasında danışıqların formatının dəyişdirlməsinin qeyri-mümkün olduğunu bəyan edib.

Prezident İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşündə bildirib ki, Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyət yoxdur və Ermənistanın danışıqlar prosesini pozmağa çalışır.

“Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunması, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirilməsi, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparılması münaqişənin nizamlanmasında irəliləyiş üçün bəs etmir,” Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətinə çatdırıb.

Beləliklə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) da Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Sənəddə deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bundan öncəki, 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayıb.

Həmsədrlər, həmçinin, son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdirir, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırır.

Həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini də təkrarən vurğulayır.

Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışdan yayınmağa səsləyir.

... Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin martın 9-da yaydığı bəyanatdan sitat

Həmsədrlər bəyan edir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Amerikanın Səsinin sualının cavabında bildirib ki, Azərbaycanın münaqişənin nizamlanmasında mövqeyi birmənalıdır.

“Azərbaycanın ən yüksək rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG