Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi: Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

“Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi, sözdə hər zaman səsləndirdikləri münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasında deyilir.

Xarici İşlər Nazirliyi bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan `onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır.`

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin.
Xarici İşlər Nazirliyinin açıqlamasından sitat


“Buna görə də onun ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur. Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcəkdir. Bununla belə, növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin,” nazirliyin açıqlamasında deyilir.

Nazirlik xatırladır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir.

“Bu isə həmsədr ölkələrin bəyanatlarında, o cümlədən 9 mart 2019-cu il tarixli, dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və bu torpaqlardan didərgin salınmış insanların öz evlərinə təhlükəsiz və ləyaqətlə geri dönüşünün təmin edilməsini nəzərdə tutur. Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər,” Xarici İşlər Nazirliyi qeyd edir.

Ermənistan Xarici İşləır Nazirliyi hələ Azərbaycan tərəfinin açılqmasına münasibət bildirməyib. Bununla yanaşı, Ermənistan Xarici İşlər Nazirliynin mətbuat katibi Anna Naqdalyan sentyabrın 13-də bildirib ki, iki ölkənin xarici işlər nazirlərinin görüşü barədə razılıq var. Ancaq görüşün yeri və vaxtı barədə bir söz deməyib. Müşahidəçilər iki ölkə xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sentyabrın sonlarında başlayacaq növbəti sessiyasında görüşün baş tutacağını güman edir.

Nazirlərin son görüşü Vaşinqtonda olub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sonuncu dəfə bu il iynun 21-də Vaşinqtonda görüşüb.

Görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, mövqelərdə hələ ciddi fərqlər qalır.

Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan

“Aramızda hələ də ciddi fərqlər qalır. Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik. Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki situasiya yekunda bəyannamə yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır,” o qeyd edib.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistanın mövqeyində dəyişiklik yoxdur.

“Mövqeyimizdə dəyişiklik yoxdur, heç bir dəyişiklik ola bilməzdi. Ermənistanın mövqeyi çox praktik yanaşmaya əsaslanır. Dağlıq Qarabağ maraqlı tərəfdir və bütün bunların subyektidir. Əgər biz danışıqlar prosesində tərəqqiyə nail olmaq istəyimizdə ciddiyiksə, o zaman onların müvafiq sahiblik hissi olmalıdır. Bu məsələdə biz mövqeyimizi çox aydın ifadə etmişik,” Mnatsakanyan qeyd edib.

ATƏT Minsk Qrupunun həmsədrləri görüşdən sonra yaydıqları bəyanatda tərəflər arasında mövcud birbaşa kommunikasiyadan yararlanmağın və eskalasiya riskinin qarşısını almaq üçün cəld reaksiya verməyin önəmini vurğuladılar.

Münaqişə haqqlnda qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG