Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirnin bəyanatına münasibət bildirib


Leyla Abdullayeva
Leyla Abdullayeva

“Münaqişənin həlli ilə bağlı qəbul olunan beynəlxalq qətnamə və sənədlər, ilk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniya səfəri zamanı verdiyi bəyanatlarla bağlı şərhində deyilir.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Fevralın 1-də Berlində Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında Ermənistanın hökumət başçısı qeyd edib ki, "Azərbaycanın Stepanakerti Qarabağ münaqişəsinin tərəflərindən biri kimi qəbul etmək istəməməsi nizamlanma üzrə danışıqlarda irəliləyişə ümid etməyə imkan vermir."

"Əvvəllər də demişəm ki, münaqişənin istənilən həll variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Ümid edirdim ki, Azərbaycandan da münaqişənin həllinin Qarabağ və Ermənistan xalqları üçün məqbul olmalı olması haqqında bənzər bəyanat səslənəcək. Təəssüf ki, biz belə bir şey eşitmədik. Və nə qədər ki, Azərbaycandan uyğun bəyanat yoxdur, biz bu prosesdə irəliləyəcəyimizə böyük ümidlər bəsləyə bilmərik", Paşinyan bildirib.

Münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət "xalq" yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir.
Azərbaycan Xarici İşlər Nazirliyi

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan tərəfin münaqişə ilə bağlı beynəlxalq sənədlərin müddəalarını təhrif etdiyini qeyd edir.

"İlk növbədə xatırlatmaq istərdim ki, münaqişə nəticəsində, məhz Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal olunub və onun bir milyona yaxın əhalisi etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. Onu da bildirmək istərdim ki, münaqişənin həlli ilə bağlı qəbul olunan bütün sənədlərdə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərində söhbət "xalq" yox, erməni və azərbaycanlı əsilli iki əhalidən gedir,", XİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

"Cənab Paşinyan anlamalıdır ki, münaqişənin həlli Ermənistanın müstəqilliyinə təkan verəcək və ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq yeni siyasi vəziyyəti yaradacaq,", deyə Azərbaycan XİN-in mətbuat xidmətinin şərhində bildirilir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb
İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqlaraın vacibliyini bildirib.

Azərbaycanın Stepanakerti Qarabağ münaqişəsinin tərəflərindən biri kimi qəbul etmək istəməməsi nizamlanma üzrə danışıqlarda irəliləyişə ümid etməyə imkan vermir.
Nikol Paşinyan, Ermənistanın baş naziri

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Nəhayət yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında da deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.

“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatından

Yanvarın 22-də isə Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıb.

Son zamanlar tərəflər arasında görüşlərin dinamikasının artmasına baxmayaraq Azərbaycan və Ermənistan əvvəliki mövqeyindən geri çəkilmədiyini bildirən bəyanatlarını davam etdirir.

XS
SM
MD
LG