Accessibility links

İlham Əliyev və Nikol Paşinyan görüşüb


Nikol Paşinyan və İlham Əliyev

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

“Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirildi. Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq. Görüş təxminən bir saat davam etdi,” Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq.
Nikol Paşinyan, Ermənistanın baş naziri

Öz növbəsində, AZƏRTAC dövlət agentliyi də iki ölkə rəhbərinin qeyri-rəsmi görüşü barədə məlumat yayıb.

“Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib”, agenlik qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Dağlıq Qarabağda döyüşlər
Dağlıq Qarabağda döyüşlər

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

dağlıq Qarabağ
dağlıq Qarabağ

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqlaraın vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Nəhayət yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik iştirak edir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında da deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

Ermənilərin nəzarətində olan Azərbaycanın Ağdam şəhəri
Ermənilərin nəzarətində olan Azərbaycanın Ağdam şəhəri

“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.

“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır,” Minsk Qrupunun həmsədrləri qeyd edir.

XS
SM
MD
LG