Accessibility links

Azərbaycanlı ziyalılar "siyasi nifrəti" və "repressiyaları" qınayırlar


Qanun və qandal

“Biz hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı düşmən münasibəti dayandırmağa çağırırıq. Hər şey bir tərəfə, bu təşkilatın dövlət müstəqilliyimizin qazanılmasında, torpaqlarımızın qorunmasındakı tarixi rolu, çoxillik fəaliyyətində heç zaman dinc vasitələrdən kənara çıxmaması, bütün həlledici məqamlarda yalnız və yalnız milli maraqlardan çıxış etməsi unudulmamalıdır. Hakimiyyət nəzərə almalıdır ki, cəmiyyətin etirazçı kəsimini təmsil edən belə bir nizami təşkilatın mövcudluğu hamımızın xeyrinədir. Əks halda cəmiyyətdə narazı kəsim onsuz da həmişə olacaq və o, özünü ifadənin başqa formalarında da tapa bilər. Bu mənada hakimiyyət xalqımız və dövlətimiz qarşısında məsuliyyətini unutmamalı, ictimai-siyasi mühiti daha təhlükəli biçimə salmamalıdır. Biz eyni zamanda dünyanın demokratik təsisatlarına və beynəlxalq təşkilatlada səslənirik ki, mümkün təsir vasitələri ilə Azərbaycan iqtidarını sivil müxalifətə divan tutmaq siyasətindən imtinaya sövq etsin.”

Bu barədə Azərbaycanın əllidən çox ziyalısının, ictimai-siyasi xadiminin imzaladığı müraciətdə deyilir.

“Biz aşağıda imza edənlər dövlətimiz və xalqımız üçün indiki taleyüklü dövrdə daxildə siyasi münasibətlərin təhlükəli həddə qədər korlanması, vətəndaş sülhünün böyük risk altına düşməsi həyəcanı ilə bu müraciəti qəbul edirik. Söhbət iyulun 12-dən Tovuz istiqamətində başlayan erməni silahlı qüvvələrinin növbəti təcavüzü və bundan sonra Bakıda baş verən hadisələrdən gedir.”

Sənəddə deyilir ki, minlərlə insanın 14-15 iyul tarixində Azərbaycan Ordusunu müdafiə məqsədi ilə küçə və meydanlara axışması təəssüf ki, bötüvlükdə xalqımız üçün xoşagəlməz sonluqla bitdi.

“Millətimizin bu böyük vətənpərvərlik göstərisi hansısa müəmmalı dəstənin təxribatçı əməlləri - Milli Məclisin binasına daxil olmaq və 2 polis maşınının aşırılması nəticəsində kölgə altına düşdü. Təəssüf ki, hakimiyyət orqanları da bundan cəmiyyətə güc göstərmək və siyasi rəqibi əzmək üçün istifadəyə qərar verdi. 15 iyul gecəsi bir dəstənin Milli Məclisinbinasına girməsindən sonra polis qüvvələri meydana toplaşmış minlərlə dinc insana aşırı zor tətbiq etdi və həbslərə başladı (yeri gəlmişkən, MM binasına daxil olmağı qətiyyətlə pisləməklə yanaşı, qeyd etməyi də lazım bilirik ki, hətta o halda da radikal dağıdıcı hərəkətlər baş verməyib, bina elə də ciddi zərər görməyib). Həbs edilənlərin bir qrupu da AXCP üzvləridir və onların içərisində həmin gecə ümumiyyətlə küçəyə çıxmayanları da var. Təəssüflə qeyd edirik ki, ölkə başçısı İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin videokonfrans formatlı iclasında bu yürüş-mitinq barədə danışarkən nitqini AXCP-yə, onun rəhbərliyinə həqarətli hücum üzərində qurdu. Ölkə başçısı 15 iyul gecəsi törədilən Milli Məclis təxribatının məsuliyyətini dəlil-sübutsuz AXCP-nin üzərinə atdı və faktiki, hüquq-mühafizə orqanlarına bu partiyanı repressiyaya məruz qoymaq tapışırığı verdi. Bu günə qədər 30 nəfərdən artıq AXCP funksioneri və fəalı həbs edilib, 14 nəfər digər partiya və hərəkatların aktivistləri, müstəqil fəallar saxlanılıb və istintaqa cəlb ediliblər. Onlardan bəzilərinə, o cümlədən - Qarabağ qazisi, 5 illik siyasi məhbus həyatını yenicə başa vurmuş Asif Yusifli Cinayət Məcəlləsinin 3 maddəsilə təqsirli bilinərək ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs ediliblər. Belə xəbərlər yayılmaqdadır ki, həbs edilən cəbhəçilərdən işgəncə və təzyiq yolu ilə partiya rəhbərliyi və şəxsən Əli Kərimli əleyhinə ifadə almaq istəyirlər və ya artıq alıblar,” müraciətdə qeyd edilir.

Sənəddə deyilir ki, ölkə başçısının sırf siyasi mülahizələrlə ittiham etdiyi müxalifət partiyasını repressiyaya məruz qoymaq dövlətin imicini zədələyir və hakimiyyətə neqativ münasibəti genişləndirir.

“Açığı dövlət başçısının qanuni fəaliyyət göstərən, dinc mübarizə metodlarından kənara çıxmayan bir siyasi təşkilatı "beşinci kolon", "ermənidən betər düşmən", "satqın", "tör-töküntü", "yaramaz ünsürlər" kimi epitetlərlə aşağılaması; “bunların dərsini vermişik, verəcəyik... onlara elə dərs veriləcək ki, bu, son dərs olacaq… biz “beşinci kolon”la bu işi bitirməliyik..." məzmunda hədə-qorxu ilə əslində hüquq-mühafizə orqanlarına repressiya siqnalı verməsi dövlət adına ayıbdır və dərin təəssüf doğurur. Çox yaxşı haldır ki, Xalq Cəbhəsi rəhbərliyi hətta belə bir münasibətin qarşılığında da dövlət maraqlarına zərbə vuracaq hərəkət və açıqlamalara yol vermir. Əks halda bu, Azərbaycan üçün fəlakət olardı. Bu baxımdan ölkə başçısının həmin çıxışından sonra AXCP sədrinin verdiyi açıqlamalarda təmkinli olması və etikadan kənara çıxmaması, mübahisəni qızışdıran yox, ümummili maraqlar məcrasına yönəldən ritorikaya üstünlük verməsi təqdir edilməlidir,” müraciətdə deyilir.

Azərbaycan hakimiyyəti bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəhbərləri ölkədə bütün fundamental azadlıqların tam bərpa edildiyini bildirir. Rəsmi qurumlar həmçinin insanların qanin qarşısında bərabər olduğunu, insanların siyasi baxışlarına görə təqiblərə məruz qalmadığını bəyan edir.

Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Depratamenti Azərbaycan hakimiyyətini COVİD-19-la bağlı tətbiq edilən karantin rejimindən müxaliflərinə qarşı istifadə etməməyə çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG