Gənc qızların zorla ərə verilməsi dünyanın bir çox ölkəsində hələ də baş verməkdədir. Dünyada milyonlarla qız və gənc qadın bu zorakılığa məruz qalır. Onlar məcburi olaraq 18 yaşınadək ərə verilir. Britaniyada doğulmuş, əslən hindistanlı Casvinder Sanqera bacısının 15 yaşında ikən İngiltərədəki məktəbdən çıxardıldığını və heç zaman görmədiyi bir kişi ilə ailə həyatı qumağa məcbur edildiyini deyir.
Casvinder Sanqera: “Mənim 14 yaşım olanda anam mənə bir kişinin şəklini göstərdi. Səkkiz yaşım olanda mənim şəkildəki bu adama gedəcəyimə söz vermişdilər və mən yeganə adam idim ki, “bu kişi ilə ailə həyatı qurmaq istəmirəm” demişdim.”
Bacısından fərqli olaraq Sanqers qaçdı və onun ailəsi ondan üz döndəridi.
Casvin Sanqera: “Mən onların nəzərində onların ailələri və uşaqlarını korlaya bilən namussuz bir qızam. Məktəbdə fərqli bir həyat vardı. Qapını bağlayıb içəri keçdiyin ev isə tamamilə başqa bir dünya idi və bu ikinci dünya daha güclü idi.”
Sanqera özü haqda kitab yazıb. O burada inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə milli ənənəyə görə qızların zorla ərə verilməsi praktikasının hələ də baş verdiyi barədə başqalarını məlumatlandırır. O deyir ki, Britaniyada yaşayan hindistanlılar üçün qızların sonradan Britaniya pasportu ala bilməsi üçün Hindistanda yaşayan kişi ilə evlənmələri normal hesab edilir. Bu halların daha çox baş verdiyi Cənubi Asiya, Latın Amerikası və Səhraaltı Afrika ölkələrində şərəf və rüsvayçılıq kimi təsəvvürlər qızların daha erkən yaşlarında ərə getməsinin əsas səbəbləri kimi göstərilir.
Eni Qoddard: “Ailələr qızlarının ərə getməzdən əvvəl cinsi əlaqədə olmasından ehtiyat edirlər. Ailələr bu baş verdiyi halda, əsasən də qız hamilə qaldığı halda rüsvay olunmuş hesab edilir.”
Beynəlxalq Uşaq Fondunun nümayəndəsi Eni Qoddard deyir ki, bir çox hallarda qızların ailələri tərəfindən zorla ərə verilməsinin başlıca səbəbi yoxsulluqla bağlıdır. Bu ailələr qızlarını ərzaq və təhsillə təmin edə bilmədiklərinə görə onların çox gənc yaşlarında ərə getməsinə çalışır. Afrikada Burkina Fasonun birinci xanımı Çantal Kompaor qızların məktəbdə təhsili davam etməsi üçün yeni proqrama başlandığını deyir. Onun sözlərinə görə, qızların məktəbi atmaması üçün hər həftənin sonu onlara ərzaq verilir. Beləliklə, onların valideynləri qızlar məktəbə getdiyi üçün pul, ərzaq və ya işçi qüvvəsinin itirildiyinə görə şikayət etməsinlər.
Casvinder deyir ki, Britaniyada və dünyanın başqa yerlərində hindli qızlar razılıqları olmadan zorla ərə verilir və onlar bu təcrübəni normal qarşılayır. Onun sözlərinə görə, təkcə valideyinlərin savadlanması kifayət deyil, qızlar özləri də zorla ərə verilməyə etiraz etmək hüququna malik olduqlarını bilməlidir.