Accessibility links

"Azadlığ”ın bağlanmasına biganə yanaşmayın" - qəzetin bəyanatı (Yenilənib)


"Azərbaycan hakimiyyəti “Azadlıq” qəzetini susdurmaqda israrlıdır. Əvvəlcə “Azadlıq”ın yayım direktoru Faiq Əmirli qondarma “gülənçi ittihamı” ilə həbs olundu. Daha sonra qəzetin bank əməliyyatları aparılmasına süni maneə yaradıldı. Nəticədə qəzet çapını dayandırmaq məcburiyyətində qaldı. Artıq qəzetin əməkdaşlarını istintaqa cəlb etməyə başlayıblar." Bu barədə "Azadlıq" qəzetinin bəyanatında deyilir.

Sentyabrın 6-da qəzetin əməkdaşı Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində çağırılıb. Sentyabrın 7-nə isə qəzetin digər əməkdaşı Vidadi Məmmədov Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə çağırılıb.

“Azadlıq” qəzetinin kollektivi bütün bunları söz azadlığına basqı kimi dəyərləndirir. Qəzetin kollektivi hesab edir ki, hakimiyyətin bu addımları Azərbaycanın ilk müstəqil qəzetinin birdəfəlik susdurulmasına hesablanıb", sənəddə qeyd edilir.

Bu baxımdan “Azadlıq” qəzeti Mətbuat Şurasına, yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Azərbaycanda hüquqi dövlət qurulmasında maraqlı olan bütün siyasi qüvvələrə baş verənləri diqqətə almağı, ölkənin müstəqilliyində xüsusi rolu olan “Azadlıq”ın bağlanmasına biganə yanaşmamağa çağırır.

***

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə “Turan” agentliyinə Vidadi Məmmədovun özü bildirib.

Jurnalistin sözlərinə görə, ona prokurorluqdan zəng ediblər.

"Məni sabah (7 sentyabr) saat 11-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət etdilər. Hansı səbəbdən çağırılmağım haqqında heç nə demədilər", deyən V. Məmmədov bəzi gümanlarının olduğunu bildirib.

"Ola bilsin ki, qəzetin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bağlı çağırsınlar. İstənilən halda, hara çağırsalar gedəcəm. Çünki hansısa bir cinayətin, qanunsuz əməlin iştirakçısı olmadığıma əminəm", jurnalist qeyd edib.

Faiq Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Faiq Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fətullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

“Azadlıq” qəzetinin digər əməkdaşı Xəyal Babayev də sentyabrın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. O iltizama qol çəkdiyindən hansı səbəbdən istintaqa dəvət edildiyini deməyib.

"Azadlıq" qəzeti "Azərbaycan" Nəşriyyatına borc üzündən sentyabrın 6-da çap edilməyib.

XS
SM
MD
LG