Azadlıq qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevə mayın 6-da Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib.
Rahim Hacıyevin xəbərdarlıq edilməsinin səbəbi həkim Hatəvan Əliyevanın qətli ilə bağlı mərhumun keçmiş həyat yoldaşı Samir Əliyevin Azadlıq qəzetində dərc edilən müraciətləridir.
Samir Əliyev keçmiş həyat yoldaşının qətlində şübhəli bilinərək həbs olunub. Qəzet Əliyevin müraciətini və onun müstəntiqlə telefon danışığının stenoqramını dərc edib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, 25 iyun 2015-ci ildə Bakı şəhər sakini Natəvan Əliyevanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan istintaq zamanı toplanmış sübutlarla cinayətin mərhumun keçmiş əri Samir Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Samir Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Cinayət işi üzrə intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi və bu barədə ölkə ictimaiyyətinə məlumatlar verilməsinə baxmayaraq “Azadlıq” qəzeti tərəfindən təqsirləndirilən şəxs Samir Əliyevin özünü müdafiə xarakteri daşıyan müraciəti əsasında onun guya cinayət işinin istintaqını aparan müstəntiqlə dialoqunun stenoqramının həqiqiliyi və əldə edilmə mənbəyinin qanuniliyi yoxlanılmadan, habelə istintaq orqanının münasibəti öyrənilmədən dərc edilməsi ibtidai araşdırma məlumatlarının yayılmasına, qətlə yetirilmiş N.Əliyevanın yaxın qohumlarının hüquq və mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla qanunvericiliyin müddəaları kobud surətdə pozulub, bununla da jurnalistika peşəsinə yaraşmayan mövqe nümayiş etdirilib”.
Mətbuat xidməti bildirir ki, Azadlıq qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunların müddəalarına əsasən cinayət işləri üzrə ibtidai istintaq yekunlaşmadan ibtidai araşdırmanın normal gedişinin və digər şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədlərinə zidd məlumatların yayılmasının yolverilməzliyi və gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.