Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı bir gündə 700 nəfərdən çox artıb


Koronavirus
Koronavirus

Azərbaycanda insanların koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Belə ki, son sutkada yeni yoluxanların sayı 700-dən çox artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 268 yeni yoluxma faktı qeydə alınıb, 1 486 nəfər müalicə olunaraq sağalıb, 17 nəfər vəfat edib.

Dünən ölkədə koronavirusa yoluxanların sayı 3564 nəfər olub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə şərtləndirir.

İndiyədək ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib. 19 969 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, bu günə qədər isə ümumilikdə 6 134 952 test icra olunub.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG