Accessibility links

Azərbaycanda neft bumu (video)


Azərbaycanda neft bumu (video)
Azərbaycanda neft bumu (video)

Tənqidçilər deyir ki, Bakının dəbdəbəsi zənginlik və yoxsulluq arasında böyük uçurumun, geniş yayılmış korrupsiya və qeyri-sağlam bir şəkildə neftdən asılı birtərəfli iqtisadiyyatın maskalanmasıdır

Azərbaycanın neft elitası paytaxt Bakıya təmtəraqlı beşulduzlu mehmanxanalar və bahalı butiklər gətirir. Lakin tənqidçilər deyir ki, bu, ölkədə yoxsulluğun maskalanmasıdır.

Bakıda Bentli avto salonu. Avtomobil satışlarını icra edən Emin Əsgərov deyir ki, keçən il hər biri 200 000 avro dəyərində 16 Bentli maşını satılıb. Onun müştəriləri qlobal iqtisadi böhran və indi bütün dünyada qənaət strategiyasından çox uzaqdır.

“Adamların Bentli almağa pulu var, tələbat da artır. Biz dünya ölkələrində, xüsusilə də Avropada olduğu kimi çətinliklərlə qarşılaşmırıq.”-deyə Emin Əsgərov bildirir.

Emin Əsgərovun sözlərinə görə, o, Bentli satışlarının gələn il iki dəfə artacağını gözləyir. Özü də bu Monako və Moksvada deyil, 8,3 milyon əhalisi olan Azərbaycan paytaxtı Bakıda baş verəcək.

Neft gəlirləri Xəzər dənizi sahilində yerləşən keçmiş sovet respublikasının paytaxtı olan Bakının zənginlərin məkanına çevrilməsində əsas rol oynayır. Bakının şüşə göydələnləri Neftçilər prospektinin görünüşünü büsbütün dəyişib. Burada Dior, Armani, Tiffani kimi lüks butiklər yerləşir. Şəhərdə beşulduzlu mehmanxananın inşası başa çatmaq üzrədir. Memar Zaha Hədidin inşa etdiyi spiralşəkilli ağ tikili də şəhərə xüsusi görünüş verir.

Bir əsr bundan əvvəl ilk neft baronları Xəzər dənizinin sahilində Venesiya və Monakoya oxşar bir tərzdə memarlıq nümunəsi olacaq binalar və opera teatrları tikmişlər. Onlar şərq və qərbin unikal sintezi olan bu şəhəri müsəlman dünyasında nümunəyə çevirmək istəmişlər. Sovet İttifaqının dağlımasından iyirmi il sonra Azərbaycanın yeni neft elitası əsl baronların başladığı yerdən başlayır. Ölkədə sonuncu neft bumu elə böyük nemətlər gətirir ki, Avropa və Yaxın Şərq arasında Türkiyə, Rusiya və İranla sərhəddə yerləşən Bakının şöhrətinin bərpa olması ilə bağlı böyük ümidlər gerçəkləşir.

Dövlət Şəhər Planlaşdırılması və İnkişafı Komitəsində memar Novruz Eldarov Bakının nəhəng inşa planının tərəfdarı deyil və təkid edir ki, neft dollarına malik biznesmenlərin nəhəng planları şəhərin təbiətinə uyğun olaraq məhdudlaşdırılmalıdır.

“Bakını Dubaya çevirmək istəyən insanların fikrimcə, memarlıqdan, şəhər tikinkisi, memarlıq tarixindən xəbərləri yoxdur. Onlar Dubayda parıldayan oyuncaqlardan həzz alan dar düşüncəli insanlardır. Dubayın 20-30 yaşı var. Siz bu şəhəri Bakı ilə müqayisə edə bilməzsiniz.”-deyə Novruz Eldarov bildirir.

Tənqidçilər də deyir ki, paytaxtın bu dəbdəbəsi zənginlik və yoxsulluq arasında böyük uçurumun, geniş yayılmış korrupsiya və qeyri-sağlam bir şəkildə neftdən asılı birtərəfli iqtisadiyyatın maskalanmasıdır. Neft və neft məhsulları ölkənin eksportunun 90 faizini təşkil edir və qeyri-neft sektoruna birbaşa xarici investisiyalar qat-qat azdır. Ölkədə ümumdaxili məhsulun 2011-ci il üçün həcminin son 10 ildə ən aşağı səviyyəyə çataraq, 3,8 faiz olacağı proqnozlaşdırılır.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun təhlilçisi Təbib Hüseynov deyir ki, neft gəlirləri əsas etibarilə Bakıya axır və ölkənin başqa yerlərinin inkişafı üçün bölüşdürülmür.

“Əsas problem inkişafda qeyri-bərabərliyin olmasıdır. Bakı, ya da şəhərin mərkəzində sürətli inkişaf müşahidə olunur, lakin şəhərin ətrafları və Azərbaycanın başqa əraziləri yenə də Bakıdan çox asılı vəziyyətdədir, hökumətin subsidiyalarından asılıdır və burada iqtisadi fəallıq çox aşağıdır. İqtisadiyyatın əsas hissəsi neft və enerji infrastrukturundan asılıdır.”-deyə Təbib Hüseynov bildirir.

Bakının ətrafında Azərbaycanın Dağlıq Qarabag regionundan qaçqınlar Sovet İttifaqı dövründən qalmış boş zavodda yaşayırlar.

İnsan hüquqları qrupları da prezident İlham Əliyevin avtoritar üsulu və yüksək səviyyədə korrupsiyanın Avropaya yaxınlaşmaq istəyən müasir dövlətin imicinə mənfi təsir göstərdiyini, eyni zamanda qərbin ABŞ-ın Əfqanıstandakı qüvvələri üçün təchizat və tranzit yolunu təmin edən ölkəni tənqid etməyi xoşlamadığını qeyd edir.

Bentli avto salununun da şəriki olduğu Çinar restoranının müdiri Kamil Əhmədbəyli deyir ki, o, Bakıda baş verən dəyişikliklərə müsbət baxır.

“Şəhərin özündə, onun xaricində böyük tikinti işləri gedir, yollar salınır, binalar tikilir. Bütün memarlıq abidələri bərpa edilib, çünki onlar şəhərin ən gözəl hissəsini təşkil edir. Bakı hər gün, hər dəqiqə böyüyür.”- deyə Kamil Əhmədbəyli bildirir.

Kamil Əhmədbəyli kimi Bakının bir çox sakini bu inkişaf və zənginliyi təntənə edir.

XS
SM
MD
LG