Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək.
Bu barədə bu gün, yanvarın 17-də Azərbaycan Müdafiə Nazirliyi ( AMN) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək:
“Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.”
Açıqlamaya görə, yolasalma mərasimində çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb.
Bu il təlim fevralın 1-dən 12-dək keçirilməlidir.
Bundan əvvəlki illərdə də Azərbaycan və Türkiyə belə birgə təlimlər keçiriblər.