Ukraynadakı vəziyyətlə əlaqədar paytaxt Kyiv şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lviv şəhərinə köçüblər.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, müvəqqəti olaraq Lviv şəhərində fəaliyyət göstərəcək diplomatlar, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Azərbaycanın Ukraynadakı Səfirliyinin ştatına səfir Elmira Axundova da daxil olmaqla səkkiz diplomat, hərbi ataşe və Daxili İşlər Nazirliyinin nümayəndəliyi daxildir.
Bir gün öncə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu Rusiya aviasiyasının bombardmanı nəticəsində dağıntıya məruz qalıb.